“Ferrari” və “McLaren” “Mercedes”ə hücuma hazırlaşır

19 Avqust 2026 19:43
87
“Ferrari” və “McLaren” “Mercedes”ə hücuma hazırlaşır

“Ferrari” və “McLaren” “Formula-1” üzrə Niderland Qran-prisində “Mercedes”lə mübarizədə yeni texniki yeniliklərdən istifadə edəcək.

İdman.Biz xəbər verir ki, “RacingNews”un texniki eksperti Paolo Filisettinin məlumatına görə, “Ferrari” Zandvortda SF-26 bolidinin yeni döşəməsini təqdim edəcək. Bu detal iyunda Barselonada istifadəyə verilən versiyanın daha da təkmilləşdirilmiş variantıdır.

Maranello təmsilçisinin əsas məqsədi bolidin gövdəsi hesabına daha çox yerəbasma qüvvəsi əldə etmək və SF-26-nın döngələrin çox olduğu traslarda da rəqabət qabiliyyətini artırmaqdır. Komanda Avstriya və Böyük Britaniya Qran-prilərində toplanan məlumatların təhlilindən sonra yeni döşəmənin hazırlanmasını sürətləndirib.

“Ferrari”nin yenilikləri bununla yekunlaşmayacaq. Komanda Monzada keçiriləcək İtaliya Qran-prisi üçün güc qurğusunun yenilənmiş versiyasını da planlaşdırır. Əsas dəyişiklik daha böyük diametrli yeni turbin olacaq. Bunun daxiliyanma mühərrikinin düzlüklərdəki performansını artıracağı gözlənilir.

Mənbənin məlumatına görə, bu yenilik “Ferrari”nin “Mercedes HPP” və “Red Bull Powertrains”lə mühərrik baxımından mövcud fərqi tam bağlamasına kifayət etməyəcək. Bununla belə, aerodinamik inkişafla mühərrik performansındakı irəliləyişin birləşməsi mövsümün ikinci yarısında “Mercedes”ə qarşı mübarizə üçün mühüm baza hesab olunur.

“McLaren” də Zandvortda MCL40 üçün yeni döşəmə təqdim etməyə hazırlaşır. Bu yenilik Macarıstanda istifadəyə verilən və komandaya mövsümdə ilk qələbəsini qazandıran inkişaf paketini tamamlayacaq.

Uokinq təmsilçisi MCL40-ın əsas zəif tərəflərini müəyyənləşdirib. Bunlardan biri təkər bazasının qısa olmasıdır ki, bu da bolidin sazlamalara həssas reaksiyasına və optimal parametrlərin tapılmasının çətinləşməsinə səbəb olur. Buna baxmayaraq, “McLaren” son yeniliklərin bolidin potensialını daha yaxşı üzə çıxaracağına inanır.

Niderland Qran-prisi avqustun 23-də keçiriləcək.

İdman.Biz