Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” üzrə 2026-cı il reqlamentində bir sıra dəyişiklikləri rəsmən təsdiqləyib.
İdman.Biz xəbər verir ki, qərarlar FIA-nın Makaoda keçirilən Dünya Motor İdmanı Şurasının iclasında qəbul olunub. Şura 2027-ci il texniki reqlamentinin ilkin versiyasını da təsdiqləyib.
Dəyişikliklərə əsasən, “isti hava təhlükəsi” elanının Sprint yarışı və əsas Qran-pri arasında ayrıca tətbiqinə icazə veriləcək. Bununla belə, belə qərar əvvəlki kimi start vaxtından azı 24 saat əvvəl verilməlidir.
Yaş trek, zəif ilişmə və görmə məhdudiyyəti olan şəraitdə təhlükəsizlik məqsədilə “boost mode” (əlavə güc rejimi) yenidən tətbiq olunacaq. Lakin bu rejim maşının gücünü artırmaq üçün yox, güc azalmasının qarşısını almaq üçün istifadə ediləcək. Belə şəraitdə “overtake mode” (pilot müəyyən anda əlavə enerji/güc istifadə edərək rəqibi keçmək üçün bolidin performansını qısa müddətə artırması) deaktiv ediləcək.
2027-ci ildən mövsümöncəsi testlərin müddəti üç gündən dörd günə artırılacaq. FIA bunu yeni nəsil bolidlərin daha mürəkkəb olması və komandaların adaptasiya ehtiyacı ilə əlaqələndirir.
Şura 2027-2028-ci illər üçün güc qurğuları ilə bağlı dəyişiklikləri də qəbul edib. “Formula-1” 50:50 daxiliyanma mühərriki və batareya balansından uzaqlaşacaq. 2028-ci ildə bölgünün 60:40 nisbətinə gətirilməsi nəzərdə tutulur. Dəyişikliklər daxiliyanma mühərrikinin gücü, yanacaq enerjisi axını, enerji bərpa sisteminin istifadəsi və enerji idarəçiliyində əlavə çevikliklə bağlıdır.
FIA prezidenti Məhəmməd Ben Sulayem bildirib ki, böyük reqlament dəyişikliklərində proses bolidlərin trasa çıxması ilə bitmir. Onun sözlərinə görə, qurum “Formula-1”in gələcək istiqamətini müəyyənləşdirmək üçün komandalar, istehsalçılar və digər tərəflərlə dialoqu davam etdirir.
Qeyd edək ki, FIA gələcək güc qurğuları ilə bağlı müzakirələrdə dayanıqlı yanacaqla işləyən V8 mühərrikləri ideyasının da gündəmdə olduğunu açıqlayıb.
