Yeddiqat dünya çempionu Lyuis Hemilton, diqqəti tam şəkildə “Ferrari”nin 2026-cı il layihəsinə yönəltmək üçün uğursuz SF-25 avtomobilinin aerodinamik inkişafını erkən dayandırmaq qərarını şəxsən dəstəklədiyini bildirib.
İdman.Biz xəbər verir ki, Hemilton “Ferrari”nin 2025-ci il yarış avtomobilinin təkmilləşdirilməsi üzərində vaxt itirməyin doğru olmadığını düşünür.
“Bu, şəxsən mənə psixoloji təsir göstərmədi. İlin sonunda harada olacağımızı bilmirdim, heç kim bunu gözləmirdi, təbii ki, təəssüratımız pis idi. Amma mən bunun tərəfdarı kimi çıxış elədim: “Biz yeni bir avtomobilin hazırlanması baxımından başqalarından geri qala bilmərik”. Buna görə də mən bunu 100% dəstəklədim. Hələ də düşünürəm ki, xüsusən də avtomobillə olduğumuz yerdə, çempionluq uğrunda mübarizə aparmadığımızı nəzərə alsaq, bu, düzgün qərar idi”, - Hemilton “Racing News 365”ə bildirib.
Pilotun sözlərinə görə, 2026-cı il layihəsinə tam diqqət yetirmək üçün verilən bu qərar mövsümü daha da çətinləşdirdi, lakin komanda müsbət əhval-ruhiyyəni qorudu.
