2030-cu ilə qədər “Formula-1” Azərbaycan Qran-prisinin trası dəyişəcək? - İDMAN.BİZ-ə ÖZƏL AÇIQLAMA

Xəbərlər
15 Oktyabr 2025 18:18
48
2030-cu ilə qədər “Formula-1” Azərbaycan Qran-prisinin trası dəyişəcək? - İDMAN.BİZ-ə ÖZƏL AÇIQLAMA

Gələn il Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi yenidən sentyabr ayında baş tutacaq.

İdman.Biz xəbər verir ki, bu ilki yarış zamanı “kral yarışlarının” Bakıda 2030-cu ilə qədər keçirilməsi üçün müqavilənin uzadıldığı elan olunub.

Lakin trasda dəyişikliklərin olub-olmayacağı və ya onun paytaxtın digər küçələrini əhatə edib-etməyəcəyi barədə məlumat verilməmişdi. Əvvəllər bu məsələ, xüsusilə də müqavilənin uzadılması ilə bağlı xəbərlər yayıldığı dövrlərdə KİV-də bir neçə dəfə gündəmə gəlib. Hətta bir müddət Bakıda “Formula-1”in gecə yarışının keçirilməsi ehtimalı da müzakirə olunurdu.

“Baku City Circuit” Əməliyyat Şirkətindən İdman.Biz-ə verilən açıqlamada bildirib ki, mövcud şəhər trasının konfiqurasiyası müqavilə qüvvədə olduğu müddətdə dəyişməyəcək. Məlum olduğu kimi, 2026-cı il Azərbaycan Qran-prisi 25–27 sentyabr tarixlərinə planlaşdırılıb. Yarış tarixlərinin gələcəkdə dəyişib-dəyişməyəcəyi isə hələlik bəlli deyil.

Xatırladaq ki, bu il Bakıda keçirilən “Formula-1” yarışının qalibi dördqat dünya çempionu Maks Ferstappen olub. O, Azərbaycan Qran-prisini iki dəfə qazanan ikinci pilot kimi tarixə düşüb. Ferstappen ilk qələbəsini 2022-ci ildə əldə edib. Eyni uğura bundan əvvəl meksikalı sürücü Serxio Peres imza atmışdı.

Teymur Tuşiyev

İdman.Biz