“Petronas” şirkətinin baş direktoru Tengku Muhammad Taufik Sinqapur Qran-prisində “Mercedes” pilotu Corc Rasselin podiumda qələbəsini qeyd etmə mərasimində iştirakına görə üzr istəyib.
İdman.biz-in məlumatına görə, qələbənin qeyd edilməsi mərasimində o, pilotlarla birlikdə üzərinə şampan töküb.
“Etiraf edirəm ki, o an eyforiyaya qapılmağım və sevincimi spontan olaraq bu cür ifadə etməyim, ola bilsin ki, yersiz idi. Spirtli içki qəbul etməsəm də, bir müsəlman olaraq, bu cür mərasimlərlə bağlı potensial həssaslıqları nəzərə almalıydım. İstənilən istəmədiyim xətaya görə üzr istəyirəm və bütün məsuliyyəti öz üzərimə götürürəm” – “RaceFans” Taufikdən sitat gətirib.
Qeyd edək ki, bir sıra müsəlman mənbələrində Taufikin bu addımı yaxşı qarşılanmayıb və narahatlığa səbəb olub.
İslam dinində spirtli içkilər və onlarla əlaqəli hər bir əməl – içmək, satmaq, daşımaq, təqdim etmək və ya bayramlarda təmtəraq məqsədilə onları tərənnüm etmək haram sayılır.
Yəni müsəlmanın içki içməsə belə, sevincini onunla paylaşması, təmtəraq simvolu kimi qəbul etməsi İslamda bəyənilmir.