Arne Slot qırmızı vərəqə alan hücumçusunu MÜDAFİƏ ETDİ

Xəbərlər
26 Sentyabr 2025 16:06
29
Arne Slot qırmızı vərəqə alan hücumçusunu MÜDAFİƏ ETDİ

“Liverpul” Liqa kubokunda “Sautqempton”la oyunda qırmızı vərəqə alan futbolçusu Uqo Ekitikeni cərimələməkdən imtina edib.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Arne Slot fransalı hücumçunu dəstəkləyərək, yarızarafat, yarıciddi ona səhv etmək icazə verildiyini bildirib.

Ekitike oyuna əvəzetmə ilə qoşulub, həlledici qolu vuraraq “Liverpul”a 2:1 hesablı qələbə qazandırıb. Lakin qola sevinən futbolçu formasını çıxardığı üçün ikinci sarı vərəqə alıb və meydanı tərk etməli olub. Buna baxmayaraq, klub futbolçunu maliyyə sanksiyası ilə cəzalandırmayıb.

Baş məşçi əlavə edib ki, Ekitike buna görə dərhal komandadan üzr istəyib: "O, gəncdir, amma təcrübəli oyunçular da səhv edə bilir. Bizim klubda səhv etmək olar, bu həmişə cərimə demək deyil”.

Mütəxəssis, həmçinin hücumçunun insani keyfiyyətlərini yüksək qiymətləndirib və onu kollektivdə ən səmimi və nəzakətli oyunçulardan biri kimi dəyərləndirib.

Qeyd edək ki, Ekitike cəza səbəbindən Premyer Liqada “Kristal Pelas”la matçı buraxacaq. Lakin növbəti həftə Çempionlar Liqasında İstanbulda “Qalatasaray”a qarşı meydana çıxa biləcək.

Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın da rəqibidir. Komandalar 2026-cı il yanvarın 28-də Liverpulda qarşılaşacaqlar.

İdman.biz