“Mingəçevir”in futbolçusu: “Bu, bizi həvəsdən salmır” - MÜSAHİBƏ

Müsahibə
21 Sentyabr 2025 11:22
48
“Mingəçevir”in futbolçusu: “Bu, bizi həvəsdən salmır” - MÜSAHİBƏ

"Uyğunlaşma prosesi rahat keçdi. Burada keçmiş komanda yoldaşlarım da çıxış edir".

İdman.biz xəbər verir ki, bunu "Mingəçevir" klubunun futbolçusu Cabir Əmirli Sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- I Liqanın II turunda "Cəbrayıl"ı 3:1 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsən?

- Mövsümün ilk matçında yaxşı oyun göstərsək də, uduzmuşduq. İkinci qarşılaşmada bunun əvəzini çıxıb, ilk qalibiyyətimizi əldə etmək istəyirdik. Bunu bacardığımız üçün komandanı təbrik edirəm. Vacib 3 xal oldu. İnanıram ki, bu qələbə uzun seriyanın başlanğıcı olacaq.

- Yeni komandana uyğunlaşmısanmı?

- Uyğunlaşma prosesi rahat keçdi. Burada keçmiş komanda yoldaşlarım da çıxış edir. Şəhərin özü də darıxdırıcı olmadığı üçün həm şəhərə, həm kollektivə uyğunlaşa bilmişəm

- İlk turda sənin sabiq komandan "Səbail"ə məğlub oldunuz. Səncə, bu nəticəyə səbəb nə idi?

- Rəqiblə müqayisədə bizim komanda yenidən qurulub. İlk oyun həyacanı da hiss olunurdu. Yoxlama matçlarında futbolçuların köklənməsi çempionat oyunundan fərqli olur. İkinci görüşdə qələbə qazanmağımız göstərdi ki, düzgün yoldayıq.

- "Mingəçevir"in bu mövsüm üçün hədəfi nə olacaq?

- Ötənilkinə baxanda bu mövsüm komanda qarşısında daha yüksək hədəflər qoyulub. Təbii ki, əsas məqsəd I Liqada qalib olub Premyer Liqaya vəsiqə qazanmaq və böyük futbolu "Nur şəhəri"nə gətirməkdir. Rəqiblərimiz güclüdür, lakin bu, bizi həvəsdən salmır, əksinə, daha əzmlə mübarizə aparacağıq.

İdman.biz