696 bal toplayan futbolçu: "Gah dərs oxuyurdum, gah da məşqə çıxırdım" - FOTO

Xəbərlər
21 Sentyabr 2025 11:42
44
696 bal toplayan futbolçu: "Gah dərs oxuyurdum, gah da məşqə çıxırdım" - FOTO

"Bildiyiniz kimi, hazırda "Zirə"nin U-19 komandasında oynayıram. Futbola marağım baxdığım matçlarla, həyətdə futbol oynamaqla yaranıb. Uşaq yaşlarımdan futbolla məşğul olmaq istəmişəm. İlk dəfə evimizin yaxınlığında yerləşən Sərhədçi İdman Mərkəzində futbola başlamışam".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin U-19 komandasının futbolçusu Əbülhəsən Məmmədov qol.az-a açıqlamasında deyib.

O, builki qəbul imtahanında 696 bal toplamağı bacarıb. Gənc oyunçunun seçimi isə Bakı Ali Neft məktəbi olub.

Məmmədov həm futbol, həm də təhsil yolunda irəliləməyin çətinliklərindən söz açıb. Həmsöhbətimiz vurğulayıb ki, insan qarşısına hədəf qoyaraq irəliləsə, istədiyi hər şeyi bacarar: "İki yola eyni anda davam etmək çətindir. Amma mən aşağı siniflərdən də dərslərə yaxşı hazırlaşırdım. Ona görə də artıq 10-11-ci sinifdə bütün gün dərs oxumağıma ehtiyac qalmırdı. Müəyyən vaxtlarda dərs oxuyurdum, müəyyən vaxtlarda da məşqlərə qatılırdım. Çətinliklər bunlar olub ki, səhər evdən çıxırdım, evə gecə qayıdırdım. Evdə çox az vaxt keçirirdim. Fərqli yerlərə gedirdim: hazırlıqlara, məşqlərə, məktəbə. Eyni anda hamısına vaxt çatdırmaq çətin idi".

Gənc futbolçu valideynlərinin, müəllimlərinin və dostlarının ona dəstək olduğunu bildirib: "Bu yolda mənə ən çox valideynlərim dəstək olublar. Daha sonra isə müəllimlərim, dostlarım. Bəzi müəllimlərim təhsili seçməyimi istəyirdi, bəziləri isə futbola davam etməyimi".

Məmmədov gələcək planları ilə bağlı sualları da cavablandırıb. O, hələlik hansı yolu seçəcəyinə qərar vermədiyini söyləyib: "Hal-hazırda hansı yolu seçəcəyimi bilmirəm. Hələ ki, davam edirəm. Hansında daha uğurlu olsam, o yola davam edəcəyəm".

Əbülhəsən onu da qeyd edib ki, təhsilə görə futbolu dayandırmaq düzgün seçim deyil: "Futbolla məşğul olan uşaqlara əsas məsləhətim budur ki, təhsil alsınlar. Təhsilə görə futbolu dayandırmasınlar. Hər ikisini davam etdirmək mümkündür. Düzdür, çətindir. Amma insan istəyəndə bunu da bacarır".

"Zirə"nin futbolçusu sonda Azərbaycan futbolunun hazırkı durumuna toxunub: "Bildiyimiz kimi, Azərbaycan futbolunda problemlər var. Xüsusilə də milli komandamızda. Ümid edirik ki, hər ötən ildə daha keyfiyyətli futbolçular yetişəcək və millimizin səviyyəsini yüksəldəcəklər".

İdman.biz