Mateuş Koxalski: "Çempionlar Liqasında oynayacağımı düşünmək hələ də mənə inanılmaz gəlir"

Xəbərlər
10 Sentyabr 2025 17:53
40
Mateuş Koxalski: "Çempionlar Liqasında oynayacağımı düşünmək hələ də mənə inanılmaz gəlir"

Tezliklə Çempionlar Liqasında böyük komandalarla oynayacağımı düşünmək hələ də mənim üçün inanılmazdır. Təsnifat mərhələsində oyunlarımız çox gərgin keçdi, amma məqsədimizə nail olduq. Düşünürəm ki, bu, uzunmüddətli səylərimin nəticəsidir.

İdman.biz xəbər verir ki, AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına müsahibəsində deyib.

O, turnirin təsnifat və pley-off mərhələsindəki yüksək performansını təcrübə ilə əlaqələndirib: “Futbolda hər şey sürətlə dəyişir və heç nəyi istisna etmək olmaz. 2022-ci ilin aprel ayında “Radomyak”la Polşa Ekstraklasasında debüt etdim, iki il sonra isə “Qarabağ”la Avropa Liqasında İngiltərənin nüfuzlu “Tottenhem” klubuna qarşı oynadım. Avropa Liqasında böyük uğurlar qazana bilmədik. Amma “Tottenhem”, “Lion”, “Ayaks” və “Olimpiakos” kimi rəqiblərlə oynamaq təcrübə baxımından çox faydalı oldu. Bu təcrübə Çempionlar Liqasının təsnifat mərhələsində mənə çox kömək etdi”.

25 yaşlı qolkiper Polşa klublarının Çempionlar Liqasında mübarizəni dayandırmasına da münasibət bildirib: “Polşanın dörd təmsilçisinin UEFA Konfrans Liqasına vəsiqə qazanmasına çox şadam, amma Çempionlar Liqası bir neçə pillə yuxarıdadır. İnanıram ki, klublarımızdan biri tezliklə yenidən bu turnirdə təmsil olunacaq. Amma indi mən öz tariximi “Qarabağ”la yazıram. Elit turnirin əsas mərhələsindəki rəqiblərimizə baxanda çox həyəcanlanıram. Bu komandada Azərbaycan çempionluğu uğrunda mübarizə aparıram və avrokuboklarda iştirak edirəm ki, bu da mənim hərtərəfli inkişafımı təmin edir”.

Qeyd edək ki, Mateuş Koxalski ötən ilin yayından “Qarabağ”da çıxış edir.

İdman.biz