Ukraynanın gənclərdən ibarət yığmasının sabiq məşqçisi, Kiyev “Dinamo”su Akademiyasının hazırkı direktoru Aleksandr İşşenko DÇ-2026-nın seçmə mərhələsinin startı və sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycanla qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
İdman.biz-in məlumatına görə, mütəxəssis Azərbaycanın İslandiyaya uduzmasına (0:5) baxmayaraq, ev sahiblərinin Ukrayna ilə görüşdə tam fərqli olacağını qeyd edib.
"Komandamız üçün bunun Fransa ilə oyundan asan olacağını düşünmürəm. Bakıda meydan sahiblərinə tamaşaçılar tərəfindən böyük dəstək olacaq. Yalnız birinci tur arxada qalıb və hər komanda qrupdan çıxmağa ümid edir. İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra Ukrayna ilə görüşdə fərqli komanda olacaq. Oyun çətin keçəcək", - dynamo.kiev İşşenkonun sözlərindən sitat gətirir.
İşşenko vurğulayıb ki, Ukrayna yığması mütləq xal almalıdır:
"Biz həm Azərbaycanı, həm də İslandiyanı məğlub etməliyik. Bu rəqiblərlə oyunlarda müsbət nəticəyə ümid etmək lazımdır".
Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayır.
İdman.biz