“Yeni ildə qələbələr qazanmaq niyyətindəyik. Mart ayında yoldaşlıq matçları keçirəcəyik”.
Bunu “Şamaxı”nın və Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Mövsümün ilk yarısında “Şamaxı”nın çıxışını necə qiymətləndirirsiniz?
- Mövsümün ilk yarısında yaxşı çıxış etdik. Bu dönəmi komandamız üçün normal dəyərləndirirəm. Hazırda yeddinci pillədə qərarlaşmışıq. Məncə, pis nəticə deyil.
- Sizcə, daha çox xal toplaya bilərdinizmi?
- Əlbəttə. Mən də bu fikirdəyəm. Bəzi matçların son anlarında qapımızda qollar gördük. Xal və xallar itirdiyimiz qarşılaşmalar da oldu. Amma buna baxmayaraq mövsümün ikinci hissəsində də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Daha çox xal toplamaq niyyətindəyik.
- Mövsümün ilk yarısındakı nəticələrə, sərgilədiyiniz oyuna baxanda sizcə, komanda avrokuboklara iddia edə bilərdimi?
- Mövsüm başlayanda bizim əsas hədəfimiz liqada qalmaq idi. Buna baxmayaraq bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmağı istəyirdik. Avrokuboklar zonasına bir az da yaxınlaşsaq, niyə də yox?
- Mövsümün ilk yarısında Azərbaycan çempionatında bütün oyunlarda meydanda olmusunuz. Sizcə, bu stabilliyi nəyə borclusunuz?
- Bəli. Bunun üçün ilk növbədə məşqçilər korpusuna təşəkkür edirəm. Məşqlərdə özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu formanı itirmək niyyətində deyiləm. Daim ilk “11-lik”də oynamaq istəyirəm.
- Qış fasiləsində başqa klublardan təkliflər almısınız? Komandanızı dəyişmək ehtimalı realdırmı?
- Xeyr. Mənə təklif olmayıb. Hazırda “Şamaxı” ilə müqaviləm var. İndi bütün fikrim öz komandamdadır.
- “Şamaxı”nın mövsümün ikinci yarısında hədəfləri nə olacaq?
- Bayaq da vurğuladım. İlk növbədə çempionatda qalmaq istəyirdik. İndi isə xal və xallar toplayaraq yuxarı pillələrə qalmağı planlaşdırırıq.
- Azərbaycan millisinin də üzvüsünüz. Yığma ötən ili qələbəsiz başa vurdu. Azarkeşlər 2026-cı ildə komandada hansı nəticələrə ümid etsinlər?
- Yeni ildə qələbələr qazanmaq niyyətindəyik. Mart ayında yoldaşlıq matçları keçirəcəyik. Sonra Millətlər Liqası olacaq. Azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirik.
