Azərbaycanın U-19 millisi "Slovenia Nations Cup" yoldaşlıq turnirində keçirdiyi iki matçda xarakter göstərib.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Elxan Abdullayev deyib.
Mütəxəssis Sloveniyadakı təlim-məşq toplanışını dəyərləndirib: "Təlim-məşq toplanışı davam edir. İlk iki görüşdə qalib gəlmişik. Rəqiblər güclü idi, oyunlar gərgin keçdi. Uşaqlar xarakter göstərdilər və meydanda yaxşı mübarizə apardılar. Sabah baş tutacaq sonuncu - Polşa yığması ilə oyuna hazırlaşırıq. Təbii ki, Polşa komandası əvvəlki iki rəqibdən daha güclüdür və favorit sayılır. Hər şey plan üzrə gedir. Üçüncü oyunda da qələbə qazanmağa çalışacağıq. Komandada ab-hava yaxşıdır. İki qələbə bizim üçün stimuldur. Əlbəttə, bizim üçün bir sınaqdır. Uşaqları yenə də yoxlayacağıq, hər birinə şans vermişik. Özlərini yaxşı tərəfdən göstəriblər. Toplanışdan razı qaldım, çox yaxşı şərait yaradılıb".
Qeyd edək ki, U-19 toplanış çərçivəsində qatıldğı "Slovenia Nations Cup"da keçirdiyi ilk iki matçda İslandiya və Farer adaları komandalarını 2:1 hesabı ilə məğlub edib. Komanda sabah turnirdəki sonuncu matçda Polşa ilə üz-üzə gələcək.
İdman.biz