“Keçmiş komandam “Quba” ilə aramızda hər hansı bir anlaşılmazlıq, yaxud şəxsi problem olmayıb. Mən klubdan xoş təəssüratlarla ayrıldım. Sadəcə olaraq, maliyyə baxımından ortaq nöqtəyə gələ bilmədik. Müqavilə şərtləri hər iki tərəf üçün uyğun olmadığından, qarşılıqlı razılıq əsasında yollarımızı ayırmaq qərarına gəldik”.
İdman.biz bildirir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında Cavid İmamverdiyev deyib.
“Şəki” ilə anlaşan 35 yaşlı futbolçu yeni komandası ilə hədəflərinin yüksək olduğunu vurğulayıb. O, bildirir ki, qarşıya qoyulan əsas məqsəd çempionluqdur:
“Yeni komandamla birlikdə məqsədimiz yalnız çempionluqdur. Klub rəhbərliyi, məşqçilər və futbolçular hamımız bu amal ətrafında birləşmişik. Bilirik ki, qarşıda bizi çətin oyunlar, gərgin mübarizə gözləyir. Ancaq biz sona qədər mübarizə aparmağa hazırıq. Özüm də meydanda bacardığım qədər komandama faydalı olmağa çalışacam. Mənim üçün vacib məsələlərdən biri də gənc futbolçulara örnək olmaqdır. Hər zaman çalışmışam ki, təcrübəmi onlarla bölüşüm, meydanda və məşqlərdə dəstək olum. Gənclərin irəli getməsi, inkişaf etməsi üçün əlimdən gələni edəcəm. İnanıram ki, bu birlik və həmrəylik bizi uğura aparacaq”.
İmamverdiyev karyerasının son illərində olmasına baxmayaraq, futboldan uzaqlaşmaq fikrində olmadığını, əksinə, hələ də oynamağa böyük həvəs duyduğunu deyib:
“Futbol mənim həyatımın ayrılmaz hissəsidir. Futbolu sevən və bu idmanla yaşayan insanlar üçün ondan ayrılmaq çox çətindir. Mən də hələ ki, futbolçu karyeramı davam etdirirəm və qarşıdakı mövsümlərdə də maksimum dərəcədə meydanda olmaq niyyətindəyəm. Bilindiyi kimi, artıq çempionatımızda yaş limiti aradan qaldırılıb. Bu, futbolçular üçün əlavə şans deməkdir. Deməli, yaş amili əvvəlki qədər önəm daşımır, əsas olan fiziki hazırlıq və oyuna yanaşmadır. Mən də çalışıram ki, daim formada olum və komandama fayda verim. Nə qədər gücüm çatırsa, oynamağa davam edəcəm. Futbolçu karyeram başa çatdıqdan sonra isə planım məşqçi kimi fəaliyyət göstərməkdir. Çünki bu idmandan uzaq qalmaq fikrim yoxdur. Futbol mənim həyat tərzimdir və sona qədər bu sahədə çalışmaq istəyirəm”.
İdman.biz