Adil Şükürov: "Bu, bizim özümüz üçün də şok effektli yaratdı" - MÜSAHİBƏ

Müsahibə
5 Sentyabr 2025 10:43
43
Adil Şükürov: "Bu, bizim özümüz üçün də şok effektli yaratdı" - MÜSAHİBƏ

"Kəpəz"in baş məşqçisi Adil Şükürovun Sport24.az-a müsahibəsi

- İlk 3 turda alınan məğlubiyyətlər heç şübhəsiz ki, planlarınıza daxil deyildi. Çempionatda yaranan fasilədə yəqin ki, məşqçilər korpusu ilə uğursuzluq ətrafında müzakirələr aparmısınız. Səbəbi və ya səbəbləri nədə görürsünüz?

- Çempionata uğursuz start verməyin futbolçulara, rəhbərliyə çox böyük təsiri var. Hər kəs çalışacaq bu vəziyyətdən birlikdə çıxaq və durumu dəyişək. Yaranmış fasilə zamanı məşqçilər heyəti ilə çıxış yolunu axtarmağa çalışacağıq. Düşünürəm, bu fasilə ərzində komandanı toparlaya bilərik. Açıq deyim, komanda ciddi gecikmə ilə yığıldı. Son "Zirə" ilə matçdan əvvəl iki yeni futbolçu komandaya qoşuldu. Səbəb dedikdə də məhz ümumi seleksiya işlərində həddən artıq gecikməmiz çıxışımıza olduqca böyük təsir göstərdi. Bunun nəticəsidir ki, ilk turlarda çox uğursuz çıxış etdik.

- Belə çıxır ki, hadisələrin bu cür axarına hazır idiniz?

- Deməzdim ki, keçirilən 3 oyuna bu cür nəticələri proqnozlaşdırmaq olardı. Bu, bizim özümüz üçün də şok effektli yaratdı. Daha uğurlu start gözləyirdik. Bunun üçün komanda tez toplanmalı idi. Bu da öz təsirini göstərdi.

- Transferlər niyə gecikdi?

- Çox təəssüf ki, ilkin versiyada mənə təklif olunan və bəyəndiyim futbolçular gətirilmədi. Demirəm ki, indiki heyəti bəyənmirəm. Ancaq fakt budu ki, Premyer Liqa klubları seleksiya işini bitirib məşq keçən vaxt biz transfer üzünə həsrət idik. Mənə deyilən tarixdə günlərlə təhlil edib gəlməsinə "hə" dediyim futbolçular gətirilmədi. Dolayısı ilə, biz seleksiya işini iki dəfə apardıq və bunun acısını hələ də çəkirik.

- İki gün əvvəl klub rəhbərliyi ilə görüşünüz baş tutdu. "Kəpəz"in saytında yerləşdirilən mətn bir qədər müəmmalıdı. Qarşınıza növbəti 3 tur üçün konkret neçəsə xal toplamaq məqsədi qoyulub?

- Rəsmi məlumatı şərh etmək istəmirəm. Bütün hallarda, vəzifəmiz vəziyyəti düzəltməkdi. Bunun üçün də səylərimizi əsirgəməyəcəyik.

- Necə düşünürsünüz, yaranmış durumdan çıxmaq nə dərəcədə realdı? Bunun üçün hansı addımları atmaq niyyətindəsiniz?

- İndiki durumda daha çox çalışmalı, komanda olmaq lazımdır. Biz məşqçilər olaraq komandamıza güvənirik, inanırıq. Heyəti biz yığmışıq və bu futbolçularla hədəfə çatacağımıza inanırıq. İndiki duruma komanda olaraq düşmüşük, komanda olaraq da çıxmalıyıq.

- Və sonda, yeni transferlər gözlənilirmi?

- Bəli, yeni transferlər gözlənilir. İnşallah, yaxın günlərdə futbolçu tapsaq, elan edəcəyik. Hələ ki, izləyirik.

İdman.biz