“Bu çempionatdan gözləntilərim olduqca yüksəkdir”.
İdman.biz bildirir ki, bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.
33 yaşlı idmançı Xorvatiyanın Zaqreb şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatından gözləntilərini açıqlayıb:
“Bu yarışa beşinci dünya çempionluğu üçün gedirəm. Bilirsiniz ki, bizdə Olimpiya idman növlərində yeganə dördqat dünya çempionu mənəm. Çalışacağam ki, bu tarixi rekordu təzələyim. Hazırda ən böyük məqsədim budur”.
Əzizli komanda yoldaşlarının da yarışa olduqca ciddi hazırlaşdığını vurğulayıb:
“Yaxşı təlim-məşq toplanışı keçmişik. Əslində, yunan-Roma güləşi komandamız hazırda o qədər yüksək səviyyədədir ki, hər hansı idmançımızın medal alması məni təəccübləndirməz. Çünki gözləntilər hədsiz böyükdür. Deyərdim ki, ölkə tarixinin ən yaxşı komandasıdır. İndiyə kimi heç vaxt olmayıb ki, komandada güləşən hər kəsin Avropa, dünya çempionatlarında medalı olsun. Bu nəticə komandanın nə qədər yüksək səviyyədə olduğunu göstərir. Biz axırıncı Avropa və dünya çempionuyuq. Ümid edirəm ki, bu dünya çempionatında da sürprizlə qarşılaşmayacağıq. Heç olmasa, ilk üçlükdə yer alacağıq”.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 13-də başlayacaq və 21-dək davam edəcək.