"Kəpəz"in sabiq baş məşqçisi Tərlan Əhmədov klub daxilində gedən prosesləri şərh edib.
İdman.biz xəbər verir ki, 54 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında Gəncə komandasında gedən proseslərin çoxdan başladığını bildirib.
Onun sözlərinə görə, hələ Yaşar Vahabzadəyə baş məşqçiliyi dövründə olan haqsızlıqlar, klub rəhbərliyinin yaratdığı problemlər özünün baş məşqçiliyi dönəmində də davam edib: "Gəncə şəhər stadionuna kimyəvi turşu töküb ot örtüyünü yandırdılar ki, komanda Qəbələdə oynasın, məğlubiyyət seriyalarını davam etdirsin və məni rahat qova bilsinlər. Heç bir şəraitin yaradılmaması, "Kəpəz" Futbol Akademiyasının bəzi məşqçilərini üstümə qaldırmaları, mənim məşqçi korpusumun üstünə devaya göndərmələri, idman direktoru Mehman Allahverdiyev və onun dəstəsinin mənə qarşı etdiyi haqsızlıqlar, ona dəstək verən adamların mövcudluğu - hansılar ki, imkan vermirdilər, "Tərlan Əhmədov buradan tez getsin, burada yalnız gəncəlilər işləməlidir" deyirdilər".
Əhmədov bildirib ki, ondan sonra da eyni hallar yaşanıb: "Məni əvəzləyən Azər Məmmədov da nəticə verə bilmədi və getdi. Adil Şükürov gəldi, nəticə verdi, amma sonrakı ildə özü yığdığı komanda ilə nəticə əldə edə bilmədi. Azər Bağırov gəldi, nəticə verdi, onu da qovdular. Yəni, məndən sonrakı məşqçiləri də elə 6-7 aydan sonra qovurlar. İndi yenidən Adil Şükürovu gətiriblər, yenə eyni proses yaşanır, yenə uğursuzluq gedir".
Təcrübəli mütəxəssisin fikrincə, bütün bunlar klub rəhbərliyinin yanaşmasından irəli gəlib: "Əvvəllər hamıya problem yaradan İdarə Heyətinin sədri İlqar Nadiri bu gün də klubdadır, indi əməliyyatlar üzrə rəhbər vəzifəsinə təyin ediblər. Futbolda belə bir vəzifənin olduğunu indiyədək eşitməmişdim. Bilmirəm nə əməliyyatdır, nəyi əməliyyat edirlər... Nadiri orada olduğu müddətdə eyni problemlər yaşanacaq. Edilən transferlər də göz önündədir - indi niyə oynamırlar? Axı özləri seçib, özləri gətirib rəhbərlik səviyyəsində. Yəni, yaşanan proseslər istər-istəməz Gəncədə "Kəpəz"i sevən, futbolla yaşayan fanatlar üçün də aydındır. Onlar da görürlər ki, illərdir baş məşqçi gətirib-yola salırlar, komanda yalnız liqada qalmaq üçün mübarizə aparır. Əlbəttə, bu, artıq söz-söhbətlərə, problemlərə narazılıqlara gətirib çıxarır".
Əhmədov Vidadi Rzayevin də işsiz qalmasından narazılığını ifadə edib: "Deyək ki, mən işləyirdim, yanımda Vidadi Rzayev vardı - Gəncə futbolunun, demək olar ki, ən parlaq ulduzlarından biri olub, vaxtilə "Qafqazın Maradonası” adlandırılıb. Bugün isə o, işsizdir, heç onunla məsləhətləşən, yaxına çəkən yoxdur. Yəni, istər-istəməz adlı-sanlı futbolçularımızın kənarda qalması, bugünkü o “karusel” məşqçilərin iş başında olmaları futbolumuza "minus" olduğu kimi, Gəncənin "Kəpəz" futbol komandasında da nələrin baş verdiyinə tam əyani sübutdur. Artıq nəyi isə danışmağa ehtiyac yoxdur, illərdir deyirəm, heç nə öz həllini tapmır. Orada gedən proseslər, rəhbərliyin bir-biri ilə əlaqəsinin olmaması, bir-birinin ayağının altını qazması, klubda bir nəfərin yox, bir neçə nəfərin söz sahibi olması, yalnız baş məşqçi gəlsin və getsin, transferlər edilsin kimi işlərə baxmaları hər şeydən xəbər verir. Kimlərsə nəyinsə ümidinədir. O komandada o qədər problemlər əmələ gəlib ki… Görürsünüz ki, yeni gələn rəhbərlik, yenidən qaytarılan məşqçi belə uğur əldə edə bilmir, gələcəyə də vəd verilmir ki, komandada nəsə olacaq".
Sabiq baş məşqçi hesab edir ki, "Kəpəz" yenidən qurulmalı, yenidən bərpa olunmalıdır: "Yeni, şəffaf rəhbərlik olmalı, söz sahibi bir nəfər olmalıdır. Deyim ki, gəncəli iş adamlarından biri orada başda olmalıdır və klubun infrastrukturu, strategiyası bəlli olmalıdır. Klubun hədəfi yalnız Premyer Liqada qalmaq olmamalıdır. Oradakı o yalan söhbətləri yayan insanlar mənim dövrümdə də vardı: formalar nəm gəldiyi üçün mən qoymurdum ki, komanda məşqə çıxsın, 10 dəqiqə sonra klubun işçiləri xəbər yayırdılar ki, Tərlan Əhmədov komandanı məşqə çıxarmadı. O qədər söz-söhbətlər yalan üzərində qurulan komanda idi ki… İndiki rəhbərliyi tanımıram, amma əvvəlki rəhbərliyin dövründə o qədər yalanlar var idi, o qədər şər-xata hökm sürürdü ki... Komandanın adına o qədər söz-söhbət çıxardılar, o qədər ləkələdilər ki, "Kəpəz"sevərlərin də artıq səbri tükənib, öz komandalarının acınacaqlı vəziyyətinə dözə bilmirlər".
"Həmişə demişəm: iki komanda var ki, onlar Azərbaycan futbolunda olmadığı müddətdə ölkə futbolunda böyük uğurlar əldə olunacağına ümid etməməliyik. Gəncənin, "Neftçi"nin futbol məktəbi olub. Həm sovet dövründə, həm də müstəqillik illərində bu məktəblərdən nə qədər futbolçular yetişib. Amma son illərdə Gəncədə normal futbolçu yetişmir, bu da istər-istəməz "Kəpəz"sevərləri, Gəncə fanatlarını hiddətləndirir. Oradakı proseslər göz qabağındadır, daha nəyisə qabardıb danışmağa dəyməz. Vidadi Rzayev kimi bir futbolçunu kənarda qoyurlarsa, demək, nədənsə danışmağa dəyməz", - deyə o əlavə edib.
Keçmiş baş məşqçinin fikrincə, "Kəpəz" belə bir acınacaqlı vəziyyəti yaşamamalı, şəffaf insanların əlinə keçməlidir: "Sağlam rəhbərlik və bir nəfər söz sahibi olmalıdır ki, komanda irəli getsin. Hazırda orada baş verənlər, daxildə məlum olmasa da, üzə çıxanlar göstərir ki, sağlam ab-hava yoxdur — nə rəhbərliklə məşqçilər, nə məşqçilərlə futbolçular arasında. Sağlam mühit olmadığından, komanda bu gün acınacaqlı vəziyyətdədir. Ona görə də komandaya yeni rəhbər lazımdır ki, bütün ətrafını təmizləsin: söz-söhbət yayanları, mətbuata yalan məlumat verib komandanın içində olan məsələləri şişirdənləri, futbolçuları alçaltma hallarını yığışdırsın. Bunlar oradakı bəzi rəhbər şəxslərin əli ilə olan məsələlərdir. Bunların hamısı yığışdırılmalıdır ki, komanda uğurlu nəticələr əldə edə bilər".
Əhmədov bildirib ki, "Kəpəz" hər il yalnız Premyer Liqada qalmağa yox, daha yuxarılar uğrunda mübarizə aparmağa layiqdir: "Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir və düşünürəm ki, böyük futbol ənənəsi olan klub daha yaxşısına layiqdir. Bunun üçün AFFA, şəhər rəhbərliyi, Gəncənin iş adamları böyük işlər görməlidirlər ki, komanda bəzi insanlardan, onların zərbələrindən qurtulsun və daha yaxşı nəticələr əldə etsin".
İdman.biz