Azərbaycan Premyer Liqasında ilk 3 tur geridə qalsa da, hakimlik mövzusu artıq müzakirələrin mərkəzindədir. Klublar, məşqçilər və azarkeşlər hakimlərin qərarlarından narazıdırlar və bunu istər mətbuat konfranslarında istərsə də, informasiya resurslarında səsləndirməkdən çəkinmirlər.
İdman.biz bildirir ki, ötən gün “Neftçi TV” təmsil etdiyi klubun “Turan Tovuz”la keçirdiyi oyunda 2 mübahisəli epizodu (Ribeyronun aldığı qırmızı vərəqə və verilməyən penalti qərarı) türk hakimi Deniz Ateş Bitnelin şərhiylə yayımlayıb. Bu, futbol ictimaiyyətində birmənalı qarşılanmayıb – bəzi hakimlər türk referisini haqlı hesab ediblər, bəziləri isə qərarların düzgün olduğunu bildiriblər. Amma əsas sual cavabsız qalıb – Azərbaycan hakimləri Premyer Liqanın yeni mövsümünə nə dərəcədə hazırdırlar?
Mövzuyla bağlı “Futbolpress.az”a açıqlama verən veteran hakim Xəqani Məmmədov ilk növbədə mübahisəli epizodları şərh edib:
“Sırf “Neftçi”nin matçı barədə deyə bilərəm ki, həm qırmızı vərəqə, həm də verilməyən penalti qərarları düzgün verilib. Epizodlara diqqətlə baxsanız, Ribeyronun hərəkəti rəqibi yüngülcə itələməyi yox, aqressiv zərbəni xatırladır. “Neftçi”nin penalti gözlədiyi vəziyyətdə isə top birinci “Turan Tovuz” müdafiəçisinin ayağına dəyir, sonra isə “Neftçi”nin hücumçusu ona toxunur.
Bir problem də bu prosesə türk hakiminin Hakimlər Komitəsindən qabaq rəy verməsidir. Niyə susurlar? Kimin nə rəy verməsindən asılı olmayaraq, qərarların doğruluğunu futbol qaydaları müəyyənləşdirir. İzahımdan da gördüyünüz kimi, Əliyarın qərarları düzgündür”.
Məmmədov onu da qeyd edib ki, ümumilikdə Azərbaycan hakimləri mövsümə yaxşı hazırlaşmayıblar:
“İlk 3 tura baxanda görürük ki, hakimlər mövsümə hazır deyillər. Ümumən mən bəzi hakimlərin beynəlxalq oyunlara təyinat almağı xaricində Azərbaycan hakimlərinin hansısa inkişafa nail olduqlarını da düşünmürəm. Baxın, hələ də bölgələrdən hakimimiz yoxdur. Bu, niyə inkişaf etdirilmir? Niyə bölgələrdə hakim yetişdirilmir?
İlk turlarda hakimlərin müzakirə olunmadığı bir-iki oyun var ki, orada da oyunların özləri o qədər də gərgin keçməyib. Amma oyunlar bir az gərginləşən kimi hakimlərin qüsurları üzə çıxır. Dərd orasındadır ki, bu qədər narazılıq var, amma Hakimlər Komitəsi bu etirazlara, narazılıqlara rəy də bildirmir”.
Ekspert qeyd edib ki, həm komitə, həm də hakimlər fasilədən istifadə edib səhvlərini düzəltməlidirlər:
“Mövsüm hələ təzə başlayıb, ona görə də vaxtında müdaxilə edib nəyisə düzəltmək mümkündür. Gərək hakimlər milli fasilədən istifadə edib səhvlərinə baxsınlar, onlardan nəticə çıxarıb sezonun qalan hissələrində daha yaxşı fəaliyyət göstərsinlər.
Çox hakim ictimaiyyətin təzyiqindən danışır, amma nəzərə almırlar ki, 1990-cı illərdə yan hakimlərin arxasında silahlı "OMON"çular dayanıb onlara göstəriş verirdilər. Bəs o təzyiqi hara yazaq?
Hazırda PFL hakimlər üçün hər şəraiti yaradıb, onlardan da asılı olan yeganə şey çıxıb oyunlarını idarə etməkdir. Başqa heç nə”.
İdman.biz