Venesuela millisinin baş məşqçisi Fernando Batista DÇ-2026-nın seçmə mərhələsində Argentina ilə səfər matçı ilə bağlı gözləntilərini bölüşərək, rəqib komandanın lideri Lionel Messi haqda ayrıca danışıb.
İdman.biz bildirir ki, daha əvvəl 38 yaşlı Messi Venesuela ilə oyunun millidə son ev matçı ola biləcəyini bildirib.
"Dünyanın ən yaxşı komandası ilə qarşılaşacağıq. Əvvəlcədən bilirdik ki, bu, Leonun Argentina torpağında seçmə mərhələsində sonuncu rəsmi oyunu ola bilər. Hər halda, meydanda kimin olmasından asılı olmayaraq strukturu qurmağı bilən məşqçinin [Lionel Skaloni] gücünü görürük.
Mənim fikrim həmişə eynidir - rəqibin qapısı haqqında düşünməliyik; yalnız müdafiə olunsanız, uzunmüddətli perspektivdə bunun sonu pis olacaq. Bilmirəm, artıq neçə məşqçi Messinin qarşısını necə almaq barədə baş sındırıb. Biz də çalışacağıq. Mən bu Messi-festi korlamaq üçün buradayam - yaxşı mənada. Biz bu məsələ ilə bağlı hər şeyə hörmətlə yanaşırıq, lakin biz dünya çempionatına birbaşa vəsiqə və ya heç olmasa pley-off üçün mübarizə aparırıq”, – deyə Batista bildirib.
Argentina - Venesuela oyunu sentyabrın 5-də Buenos-Ayresdə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 03:30-da start götürəcək.
İdman.biz