"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında yaxşı futbol sərgiləmək və nəticə qazanmaq istəyir.
İdman.biz xəbər verir ki, bunu "Report"a komandanın baş məşqçisi Rəşad Sadiqov deyib.
O, turnirin futbolçular üçün böyük təcrübə olacağını bildirib: "Qarabağ"ın əsas komandası Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandığı üçün Gənclər Liqasında mübarizə aparacağıq. Hədəflərimiz oyunlar başlayandan sonra müəyyənləşəcək. İlk matçlardan sonra bu barədə danışacağıq. Növbəti mərhələ haqqında düşünə bilərik, amma buna nə dərəcədə gücümüz çatacaq? Zaman göstərəcək. Uşaqlar ilk dəfə belə böyük turnirə qatılacaqlar. 2017-ci ildə U-19 komandamız yarışda iştirak edib. Yaxşı futbol sərgiləmək və nəticə qazanmaq niyyətindəyik".
Mütəxəssis heyətə əcnəbi oyunçuların da cəlb edilə biləcəyini söyləyib: "Transfer çalışmaları davam edir. Vaxta da az qalıb. Digər ölkələrdən oyunçu gətirmək bir az çətindir. Transfer etmək istəyirik, amma hələlik gözləmə mövqeyindəyik. 2-3 futbolçu gətirə bilsəydik, komandanı gücləndirib daha yaxşı çıxış edərdik".
Sadiqov rəqiblərin oyunlarına baxdıqlarını sözlərinə əlavə edib: "Ötən mövsümdəki qarşılaşmaları izlədik. Bu mövsüm yeni başlayır. Bəzi komandalarda yaş qrupları da dəyişir. İzlədiyimiz oyunçular olmaya bilər. Belə olan halda təhlil etmək də çətindir".
Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında "Benfika" (Portuqaliya), "Atletik" (İspaniya) və "Napoli" ilə səfərdə, "Kopenhagen" (Danimarka), "Çelsi" (İngiltərə) və "Ayaks"la (Niderland) doğma meydanda üz-üzə gələcək.
İdman.biz