"UEFA Çempionlar Liqasının əsas mərhələsində "Çelsi" və "Liverpul"dan başqa, digər rəqiblərlə başabaş mübarizə aparmaq olar".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev deyib.
O, "köhlən atlar"ın turnirdə uğurlu nəticələr əldə edəcəyinə inanır: "Komanda Qurban Qurbanovun rəhbərliyi altında bacara biləcəyi ən yaxşı uğuru əldə etmək istəyir. Təbii ki, "Çelsi" və "Liverpul" komandaları ilə görüşlər asan keçməyəcək. Qalan komandalarla isə başabaş mübarizə aparmaq olar. İnanıram ki, "Qarabağ" bunu bacaracaq. Çünki Ağdam klubu heç vaxt rəqibə baxıb oyun sərgiləmir. Bu komandanın özünün oyun üslubu var və bacarığını ortaya qoyacaq".
Mütəxəssis komandanın yeni transferlərini dəyərləndirib: "Komandaya çox sayda əcnəbi futoblçular cəlb olunub. Təmsilçimiz daha möhkəm klub olaraq Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Çünki komandaya yeni gələn legionerlər güc toplayırlar. Başlanğıc yaxşı olsa, düşünürəm ki, turnir bizim üçün normal qaydada davam edəcək. Üstəlik, oyundan-oyuna futbolçuların gücündə də artım müşahidə edəcəyik. Belə olan halda sürpriz nəticələrlə rastlaşacağıq".
Qeyd edək ki, Maksim Medvedev hazırda "Qarabağ"ın 21 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisidir. O, 2006-cı ildən 2024-cü ilə qədər "köhlən atlar"ın heyətində çıxış edib, 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.
"Qarabağ" cari mövsüm qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsində "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Frankfurt, Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.
İdman.biz