Ayxan Abbasov: "Bu matçlar Azərbaycanın gənc futbolçuları üçün təcrübə olacaq"

Xəbərlər
1 Sentyabr 2025 17:23
46
Ayxan Abbasov: "Bu matçlar Azərbaycanın gənc futbolçuları üçün təcrübə olacaq"

"Portuqaliya və Bolqarıstan yığmalarına qarşı matçlar Azərbaycanın gənc futbolçuları üçün təcrübə olacaq".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov deyib.

O, U-21-in Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlardan danışıb: "Bizi səfərdə Portuqaliya, evdə Bolqarıstan yığmalarına qarşı çətin oyunlar gözləyir. Hər iki rəqibin təqdimata ehtiyacı yoxdur. Portuqaliya 21 yaşadək futbolçular arasında son Avropa çempionatının iştirakçısı olub. UEFA Konfrans Liqasında "Sabah"la qarşılaşan "Levski" komandasının futbolçusu var ki, Bolqarıstanın U-21 yığmasında Azərbaycana qarşı görüşdə meydana çıxa bilər. Demək istəyirəm ki, hər iki millinin yaxşı futbolçulardan təşkil olunmuş heyəti var. Belə yığmalara qarşı oyunlar Azərbaycanın gənc futbolçuları üçün təcrübə olacaq. Bildiyiniz kimi, gənc futbolçularımızın beynəlxalq təcrübələri azdır. Lakin biz də nəyəsə nail olmaq istəyirik və bunun üçün bir yerdən başlamalıyıq".

Abbasov yığmanın düşərgəsinə daha gənc oyunçuların cəlb olunduğunu söyləyib: "Bu gün heyətimizə baxanda 2007-ci il təvəllüdlü futbolçulara rast gəlmək olar. Təəssüf ki, seçim şansımız elə də çox deyil. Lakin çağırılan oyunçuların hər birinə güvənirəm. İnanıram ki, cari mövsüm Premyer Liqada və ya I Liqada özlərini yaxşı tərəfdən göstərən gənc futbolçulara rast gələcəyik və onlar yığmaya faydalı olacaqlar".

Qeyd edək ki, U-21 sentyabrın 1-də təlim-məşq toplanışına yığışacaq. Komanda sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:30-da Barseluşda Portuqaliya, sentyabrın 9-da, saat 18:00-da isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq.

B qrupunda yer alan milli sentyabrın 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola düşəcək.

İdman.biz