“Sumqayıt”ın yeni transferi Aleksa Yankoviçin AZƏRTAC-a müsahibəsi
- Azərbaycan çempionatında mövsümə uğurlu start verdiniz. Bununla bağlı fikirləriniz maraqlıdır...
- Bəli, artıq 2 oyun keçirmişəm və deyə bilərəm ki, buradakı matçlar zamanı meydanda çox qaçmaq tələb olunur. Təlim-məşq toplanışı dövründə fiziki baxımdan yaxşı hazırlaşmışıq, ona görə də bununla bağlı problem yoxdur. Premyer Liqa komandalarında keyfiyyətli oyunçular var və bu da çempionatın səviyyəsini artırır.
- İkinci turda son çempion “Qarabağ”ı məğlub etdiniz. Güclü rəqiblə matçda bu cür nəticəni gözləyirdiniz?
- Düzünü desəm, şəxsən mən “Kəpəz” üzərində qələbəni gözləyirdim və “Qarabağ”a qarşı da nikbin idim. Çempion komandalara qarşı oyunlarda bir az bəxt də lazımdır. Çoxları üçün bu nəticə gözlənilməz oldu, amma biz rəqibi yaxşı analiz etmişdik. Meydanda çox sıx oynadıq. Buna baxmayaraq, onlar yenə də qol imkanları yaratdılar. Bu da “Qarabağ”ın səviyyəsindən xəbər verir.
- İlk turda “Kəpəz”lə matçda baxımlı qola imza atdınız. Həmin qolu necə şərh edərdiniz?
- Bəli, qol vurdum. Onu necə təsvir edəcəyimi bilmirəm, amma mənim üçün qolun necə vurulmasının fərqi yoxdur. İstər yaxın, istərsə də uzaq məsafədən, əsas odur ki, qol olsun. Ən vacibi, həmin matçda 3 xal qazandıq. Ümid edirəm ki, bu cür davam edəcəyik.
- “Sumqayıt”ın bu mövsüm Premyer Liqa və Azərbaycan Kubokundakı hədəfləri nədir?
- Biz qarşımıza həmişə böyük hədəflər qoyuruq. Düşünürəm ki, bu il liqada ilk “üçlüy”ə düşə bilərik. Həmçinin kubokda da bacardığımız qədər irəliləmək əsas məqsədimizdir.
- Azərbaycan haqqında təəssüratlarınız necədir?
- Mən Azərbaycanda çox rahatam, bura çox xoşuma gəlir. Dəniz kənarında olmaq, yaxşı hava, günəş, insanların pozitivliyi və daim sənə kömək etməyə hazır olmaları möhtəşəmdir. Burada özümü xoşbəxt hiss edirəm.
- İndiyədək Serbiyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmisiniz. Necə düşünürsünüz, “Sumqayıt”da uğurlu çıxışınızı davam etdirib əsas milliyə dəvət almaq şansınız var?
- Bəli, Serbiyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında oynamışam. Nələrin olacağını gələcək göstərəcək. İnanıram ki, bir gün əsas milli komandaya dəvət almaq şərəfinə nail olaram. Çünki yığmada oynamaq hər bir futbolçunun arzusudur.
İdman.biz