Elməddin Məmmədov: "Legioner həyatı Azərbaycanda oynamaqdan daha rahatdır"

Xəbərlər
24 Avqust 2025 17:44
40
Elməddin Məmmədov: "Legioner həyatı Azərbaycanda oynamaqdan daha rahatdır"

"Komandaya yeni qoşulmuşam, kollektivlə birlikdə 4-5 məşq etmək şansım oldu".

İdman.biz xəbər verir ki, bunu Albaniyanın "Luftetari Gjirokastra" klubunun yeni transferi Elməddin Məmmədov Sportal.az-a açıqlamasında deyib.

Azərbaycanlı qolkiperi yeni klubuna keçidini şərh edib: " Tanış menecerlər vasitəsi ilə baş məşqçiyə təklif edilmişdim. Düzünü desəm, Kosovo komandası ilə Bakıda ola-ola müqavilə imzalamışdım. Amma viza üçün 40-45 günə ehtiyac gəldi və sonda komanda transferden imtina etdi. Albaniya 1-ci liqasında oynamağımın çox böyük tramplin olduğunu deməzdim. Amma yenə də şansdır, yeni şanslar gətirə bilər. "Mingəçevir"də komanda şəklində çox yaxşı mövsüm keçirmişdik. Amma təəssüf ki, mövsümün sonu gözlədiyim normal təklif olmadı. Hər zaman ölkə xaricində oynamağa çalışmışam. Bunun bir çox səbəbi var. Əsas hədəfim öncə formamı bərpa etməkdir. Sabah çempionat start götürəcək. Mən də üç aydır ki, fərdi məşq edirdim. İndi əsas hədəfim formamı bərpa edib, əsas heyətə düşmək və özümü göstərməkdir".

Əvvəllər “Alqa”, “Muras Yunayted”(hər ikisi Qırğızıstan), “Tsxinvali”(Gürcüstan), “St.Andryus”(Malta), “TC Sports”(Maldiv adaları), “Yedintsvo Bihac”(Bosniya və Herseqovina) klublarında legioner həyatı yaşamış 29 yaşlı qapıçı yeni komandasında adaptasiya problemi yaşamadığını deyib: "Adaptasiya problemi ola bilməz. Son illərdə demək olar ki, ancaq ölkə xaricində oynamışam. Mənim üçün legioner həyatı yaşamaq, Azərbaycanda oynamaqdan daha rahatdır".

İdman.biz