Yığmanın müdafiəçisi "Turan Tovuz"da ixtilaf yaradıb

Xəbərlər
23 Avqust 2025 15:47
72
Yığmanın müdafiəçisi "Turan Tovuz"da ixtilaf yaradıb

Millinin müdafiəçisi Höccət Haqverdi "Turan Tovuz"ı iki "cəbhə"yə bölüb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Kurban Berdiyev son 2,5 ili "Neftçi"də keçirmiş iranlı oyunçunu öz sərəncamında görmək istəyir.

Baş məşqçi onun tezliklə komandaya qoşulması marağındadır və rəhbərlikdən maliyyə şərtlərini razılaşdırmasını tələb eləyib. Rusiyalı çalışdırıcı Haqverdini "Traktor"dan tanıdığını söyləyib.

İdarə Heyətinin sədri Ehtiram Quliyev və digər rəsmilər isə hazırda klubsuz olan stopperin Tovuza gəlməsinin əleyhinədir.

Çünki Höccətin ürəyindən keçən məbləğ onlara çox gəlir. Yığmanın üzvü 1 illik müqavilə qarşılığında 140 min dollar qazanmaq niyyətindədir.

Haqverdi 3 aya yaxındır boş-bekardır. Ötən müddətdə ona bir neçə təklif gəlib. "Araz-Naxçıvan" və "Sumqayıt"la yanaşı, İran və Malyaziyadan dəvətlər alıb. Bilavastə maddi istəklərə görə hələ havada qalıb, harasa qol çəkməyib.

Qeyd edək ki, Tovuz təmsilçisi bu yay 8 bazarlıq edib. David Oliveyra Tavareş ("Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Roberto Olabe ("İbiza", İspaniya), Oleq Baklov (“Ufa”, Rusiya), Filip Ozobiç ("Neftçi"), İbrahima Vadji ("Sent Etyen", Fransa) Alexandro Serrano və Enrike Silva ("Valyadolid", İspaniya) kollektivə qoşulub.

İdman.biz