“Oyun bizim üçün asan olmadı. Biz hamımız “Qarabağ”ın gücünü yaxşı bilirik. Onların yaxın günlərdə oyun keçirdiyini nəzərə alsaq, bəlkə bir qədər yorğun idilər. Amma biz oyuna yaxşı hazırlaşmışdıq və matça tam gücümüzlə yanaşdıq”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov bildirib.
Səfərdə “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra Cənnətov əlavə edib ki, bütün futbolçular oyuna tam hazır idi: "Hətta oyuna sonradan daxil olanlar da yaxşı oyun sərgilədilər. Məhz buna görə qələbə qazandıq. Komanda bu görüşdə maksimum gücünü ortaya qoydu. Amma hələ coşquya qapılmaq lazım deyil. Cəmi iki oyun keçib, bu isə heç nə demir. Qarşıda çox oyun var. Biz addım-addım hədəflərimizə doğru irəliləyəcəyik. Hər matçda maksimum oynayaraq gücümüzü ortaya qoyacağıq. İlk qələbəmiz isə komandaya əlavə motivasiya və inam verdi”.
Qolkiper keçən mövsümə nisbətən komanda daxilində dəyişikliklər barədə də danışıb:
“Keçən ilə baxanda çox şey dəyişib. Yeni gələn futbolçular meydanda öz sözlərini dedilər. Oyuna baxanda görmək olur ki, oyun tamamilə fərqli səviyyədədir, tribunaların atmosferi də dəyişib. Azarkeşləri yenidən stadiona cəlb etmək vacibdir. Öz çıxışımız və qələbələrimizlə bunu sübut etməliyik. Əminəm ki, tribunalar yenidən dolacaq”.
Yığmanın yaxın günlərdə açıqlanacaq heyəti haqda danışan Cənnətov qeyd edib:
“Hazırda çempionatda yerli oyunçular azdır, cəmi iki nəfər belə imkan əldə edib. Bəzi futbolçular meydanda stabil çıxış etmirlər, amma bu onların bacarığını əks etdirmir. Hər oyunçu dərhal yığmaya çağırılmır. Son söz baş məşqçidədir. Biz isə sadəcə gözləməli və hər an hazır olmalıyıq”.
İdman.biz