"Sumqayıt"ın prezidenti Riad Rəfiyevin səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Oyun barədə nə deyə bilərsiniz?
- Çox güclü rəqibə qarşı oynayırdıq. "Qarabağ"ın gücünü hamı bilir, ona görə də bizim üçün çox ağır və çətin oyun oldu. İstəyirdik ki, bu görüşdən yaxşı nəticə ilə ayrılaq. Sevinirik ki, alındı. "Qarabağ"a isə Çempionlar Liqasının pley-off mərhələsində uğurlar arzulayırıq. İnanırıq ki, bizi Çempionlar Liqasının Liqa mərhələsində təmsil edəcəklər. Onlara bir daha uğurlar diləyirəm.
- Yəqin ki, bundan yaxşı start gözləmirdiniz...
- Əlbəttə, ilk iki oyundan 6 xal qazanmaq yaxşı nəticədir. Amma yenə deyirəm, hələ yalnız 2 oyun keçirilib. İndidən nə isə demək istəmirəm. Çalışacağıq ki, bu tempi qoruyaq. Qarşımızda çətin görüş var – "Şamaxı"ya qarşı ev oyunu. "Şamaxı" çox yaxşı komandadır və istəyirik ki, həmin oyundan da yaxşı nəticə ilə ayrılaq və milli komandaların fasiləsinə yaxşı əhval-ruhiyyə ilə gedək.
- Transferlərinizin daha müsbət nəticələrə yol aça biləcəyi görünür. Siz nə proqnozlaşdırırsınız?
- Bir daha qeyd etmək istəyirəm ki, 2 oyundan 6 xal yaxşı nəticədir, amma bu dəqiqə başqa məsələlərdən danışmaq düzgün olmaz. Hələ yalnız 2 oyun keçirilib. İnanırıq ki, yeni transferlərimiz bu tempi qoruyub saxlayacaqlar və mövsümün sonuna qədər bu performansı davam etdirəcəklər.
- İlk ev oyununuzda azarkeş sayı az idi. Bu qələbəniz növbəti ev matçınızda tamaşaçı artımına səbəb ola bilər?
- Buna ümid edirik.
- Baş məşqçi Saşa İliçin işini necə dəyərləndirərdiniz?
- İliçin həm işindən, həm də insani keyfiyyətlərindən çox razıyıq. Əsas məsələ isə komandanın nəticələridir. Həm İliçə, həm də komandamıza uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm – bu gün gəlib “Azərsun Arena”da komandaya dəstək oldular. Hamısını növbəti oyunda - Sumqayıtda gözləyirik.
- Transfer çalışmalarınız başa çatıbmı?
- Xeyr, daha bir oyunçunun transferi gözlənilir.
- İliç 3 mövqeyə oyunçu transferinə ehtiyac duyduğunu bildirdi...
- Ümumilikdə 3 futbolçunun komandaya dəvət olunması, əlbəttə, çox yaxşı olar. Ola bilər, bundan da çox olsun. Amma hazırda baş məşqçi və məşqçilər korpusu ilə danışığımıza əsasən 1 oyunçuya təcili ehtiyacımız var. Həmin futbolçunu heyətə qatdıqdan sonra digər transferlərlə bağlı hərəkətə keçə bilərik.
İdman.biz