"Difai"nin yeni baş məşqçisi: "Bu mövsüm daha gərgin keçəcək"

Xəbərlər
22 Avqust 2025 16:53
37
"Difai"nin yeni baş məşqçisi: "Bu mövsüm daha gərgin keçəcək"

"Yeni mövsümə hazırlıq plan üzrə davam edir və heç bir problemimiz yoxdur. Çempionatda bunun bəhrəsini görəcəyik".

İdman.biz xəbər verirki, bu sözləri Sport24.az-a açıqlamasında I Liqa təmsilçisi "Difai"nin baş məşqçisi Araz Bağırov deyib.

43 yaşlı baş məşqçi heyətlə bağlı həyata keçirilən dəyişikliklərdən danışıb: "Komanda tam formalaşıb, ehtimal az olsa da, bir futbolçu heyətə cəlb edə bilərik. 21 oyunçumuz, 3 qapıçımız var. Yanvara kimi olan hədəfimiz ilk "5-lik"dir. Ötən mövsümdən yalnız bir futbolçu qalıb. Mövsümə necə başlamağımız və gedişatdan çox şey asılı olacaq. Yanvardan sonra hansı pillədə olmağımıza baxıb hədəfimizi müəyyənləşdirəcəyik. Birinci Liqa klublarından "Şəfa" və "Səbail" iddialı olacaq. Bu mövsüm ötən illə müqayisədə daha gərgin keçəcək. Maliyəsi yüksək olan komandalar var. MOİK-in büdcəsi iki qat çoxalıb. "Sabah"in futbolçusu Timilehin Oluvaseunun özü və meneceri ilə danışmışıq. Bizimlə əlaqəyə bir az gec-gec çıxırlar. Futbolçunun özü bizim klubda çıxış etmək istəyir, amma maliyə şərtləri və menecerin bəzi istəklərinə görə məsələ uzanıb. Ona görə də konkret nəsə deyə bilmirik. Hələ ki, gözləyirik".

Qeyd edək ki, "Difai" Azərbaycan I Liqasının 2024/2025 mövsümünü 26 xalla 10 komanda arasında 9-cu pillədə bitirib. Klub ötən gün Araz Bağırovla 3 illik müqavilə imzalayıb.

İdman.biz