“2004-cü ildən Portuqaliyada çalışmamışam və düşünmürəm ki, başqa milli komandaya başçılıq etsəm, ölkəmdə buna müsbət baxsınlar”.
İdman.biz xəbər verir ki, bunu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Sporty Net”ə açıqlamasında deyib.
62 yaşlı təcrübəli portuqaliyalı mütəxəssis gələcək karyerası ilə bağlı danışıb. O bildirib ki, yığmada işləməsi istisna deyil: “Millidə ilk təcrübə Portuqaliya ilə bağlı olmalıdır. Daha sonra insanlar bunun mənim peşəm olduğunu anlamalıdır ki, digər komandaları da çalışdıra bilim”.
O, işləyəcəyi millilərlə hər hansı əlaqəsinin olmasını da vurğulayıb: “Braziliya, əlbəttə, ölkələrimiz arasında tarixi əlaqələr var. İngiltərə, ora mənim evimdir, İtaliyada bir neçə il fəaliyyət göstərmişəm. İlk yığma təcrübəsi isə Portuqaliya ilə olmalıdır”.
Qeyd edək ki, Mourinyo 2024-cü ildə “Fənərbaxça” ilə 2+1 illik müqavilə imzalayıb.
İdman.biz