"Düşünürəm ki, "Qarabağ"ın "Ferensvaroş"la oyunlarda şansı daha yüksəkdir".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Elvin Məmmədov Ağdam klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" komandasına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.
Hazırda I Liqa təmsilçisi "Səbail"in baş məşqçisi olan mütəxəssis Azərbaycan çempionunun Vətənə qələbə ilə qayıdacağına inandığını bildirib: “Qarabağ” hər il inkişaf edən klubu imicini yaradıb. Buna görə də onların hər iki görüşdə qalib gələcəyinə inanıram. Düzdür, “Ferensvaroş” “köhlən atlar”ın bundan əvvəlki mərhələlərdə qarşılaşdığı “Şelburn” və “Şkendiya”dan daha ciddi rəqibdir. Böyükhesablı nəticə olmasa da, meydanda gərgin mübarizə gedəcək. Əminəm ki, “Qarabağ” bu dueldən qalib çıxacaq”.
Qeyd edək ki, bu gün keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.
İdman.biz