Qanada yerli futbol oyunlarına pul qoymaq qadağan edilib.
İdman.biz xəbər verir ki, "The Ghana Report"un məlumatına görə, Qana Futbol Assosiasiyası (GFA) ölkədə keçirilən bütün milli turnirlər üzrə mərclərin qəbulunu tamamilə qadağan edib.
Bu qərara əsasən, artıq Qanada Premyer Liqa, birinci divizion, qadınlar arasında yüksək liqa və digər milli yarışların oyunlarına pul qoymaq mümkün olmayacaq.
Qeyd edək ki, bu addım ölkədə danışılmış matçlarla mübarizə strategiyasının bir hissəsi kimi atılıb. GFA-nın əsas məqsədinin milli turnirlərə olan etimadı gücləndirmək və “ədalətli oyun” prinsipini təmin etmək olduğu bildirilir.
İdman.biz