Türkiyənin “Qalatasaray” klubu rusiyalı futbolçu Aleksey Batrakova həsr olunmuş xüsusi məhsul kolleksiyasını satışa çıxarıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi mağazası məlumat yayıb.
Kolleksiyaya iki növ qulaqlı papaq, Batrakovun soyadının kiril əlifbası ilə yazıldığı xüsusi forma, futbolçunun anime üslubunda təsvir olunduğu köynək və kapüşonlu geyimlər, telefon qabları, brelok və digər aksesuarlar daxildir. Ümumilikdə 20 adda məhsul təqdim olunub.
Kolleksiyanın ən bahalı məhsulu xüsusi futbol formasıdır. Onun qiyməti 4 000 TL (135,20 manat) təşkil edir. Qulaqlı papaqlar 1 750 TL (59,15 manat), kapüşonlu geyimlər isə 2 500 TL (84,50 manat) təklif olunur. Stəkan altlığının qiyməti 199 TL (6,73 manat), açarlığın qiyməti isə 299 TL (10,11 manat) təşkil edir.


Klubun rəsmi mağazasının saytında kolleksiyanın Batrakov və onun 83 nömrəli forması əsasında hazırlandığı bildirilir. Təsvirində futbolçunun meydandakı çıxışı və azarkeşlərin onun emosiyalarını bölüşməsi xüsusi vurğulanır.
