Ceyhun Sultanov: "Qarabağ" fürsətlərdən yararlansa, Bakıya sərfəli nəticə ilə qayıdacaq"

Xəbərlər
19 Avqust 2025 13:39
42
Ceyhun Sultanov: "Qarabağ" fürsətlərdən yararlansa, Bakıya sərfəli nəticə ilə qayıdacaq"

"Qarabağ" Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda yaxaladığı fürsətlərdən yararlansa, səfərdən yaxşı nəticə ilə qayıdacaq.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov açıqlama verib.

46 yaşlı keçmiş yarımmüdafiəçi "köhlən atlar"ın bugünkü matçı ilə bağlı fikirlərini bölüşüb: "Qarabağ" səfərdə minumum nəticəni əldə etməyə çalışacaq. Azərbaycan çempionu məğlub olmaq istəməyəcək. Təmsilçimizə ümidim böyükdür. "Qarabağ"ın özünəməxsus oyun üslubu var. İstənilən rəqibə qarşı da oynaya bilirlər".

C.Sultanov Macarıstan çempionunun da yaxşı kollektiv olduğunu söyləyib: "Onların da təhlükəli oyunçuları var. Hətta daha əvvəl "Qarabağ"a məğlub olublar. Böyük ehtimalla onun əvəzini çıxmağa çalışacaqlar. Amma komandamız yaxaladığı fürsətlərdən maksimum dərəcə istifadə etməlidir. Bunu bacarsalar, səfərdən yaxşı nəticə ilə qayıdacaqlar".

Yığmanın sabiq üzvü Liqa mərhələsi ilə bağlı danışmağı tez olduğunu sözlərinə əlavə edib: "Mənə görə şanslar bərabərdir. İlk oyun olduğu üçün bunu deyirəm. Düşünürəm ki, cütün taleyinə Bakıda aydınlıq gələcək. "Qarabağ"a uğurlar arzulayıram. Azərbaycana yaxşı nəticə ilə qayıdacaqlarına ümid edirəm".

Qeyd edək ki, bu gün keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

İdman.biz