UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kipr təmsilçisi "Omoniya" ilə oyunların nəticəsi "Araz-Naxçıvan" rəhbərliyini qane etməyib.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov deyib.
Klub rəsmisi komandanın cari mövsüm avrokuboklardakı çıxışı barədə fikirlərini bölüşüb: "Avrokuboklarda debüt mövsümümüz idi. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki çıxışımız uğurlu alındı. Kifayət qədər yaxşı oyun sərgiləmişdik. Komanda qısa müddətdə yığılmışdı və heyətin 70-80 faizi dəyişmişdi. Buna baxmayaraq, avrokuboklar üçün yaxşı hazırlıq keçmişdik. Çox çətin rəqib olan olan Yunanıstan təmsilçisi "Aris"i üstələdik. Təəssüf ki, növbəti raundda Kiprin "Omoniya" kollektivi ilə oyunlarda bunun davamını gətirə bilmədik. Komanda hər iki qarşılaşmada potensialından çox aşağı çıxış etdi. Bunun səbəblərini araşdıracağıq. Avrokuboklarda ilk təcrübəmiz idi. Bəlkə rəqib də kifayət qədər güclü idi. Rəhbərlik "Omoniya" ilə matçların nəticəsindən razı deyil. Amma debüt olduğunu da nəzərə almalıyıq. Komanda daha artığına layiq idi. Gələcəyə ümidlə baxmaq olar".
O, rəhbərliyin oyunçular və məşqçilərlə görüşdüyünü söyləyib: "Təbii ki, rəhbərlik "Omoniya" ilə oyunlar haqqında fikirlərini çatdırıb. Komandadan gözləntilər böyük idi. Amma nəticə bizi qane etmədi. Rəhbərlik narazlığını çatdırıb. Lakin oyunçulara inanırıq, çempionatda qarşılarına böyük hədəf qoyulub. Onlar da ilk turdan bunun üçün mübarizə aparmağın lazım olduğunu bilirlər.
E.Yusubov qarşıdakı hədəflərdən söz açıb: "Hazırda çempionata köklənmişik. Bu gün "Zirə"yə qarşı ilk matçımız olacaq. "Omoniya" ilə görüşlərdəki uğursuzluğu çempionatda unutduracağımıza ümid edirik. Azarkeşlərimizi ancaq qalibiyyətlərlə sevindirmək istəyirik. Məqsəd və hədəf yenə də böyükdür. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Premyer Liqada medallar uğrunda mübarizə aparacağıq".
Qeyd edək ki, "Araz-Naxçıvan" Konfrans Liqasının III təsnifat mərhələsində "Omoniya"ya hər iki matçda uduzub - 0:4, 0:5.
İdman.biz