Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdinin növbəti cəhdi boşa çıxıb.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, karyerasını Asiya qitəsində davam etdirmək variantı yaranan İran əslli oyunçu Malayziyadan gələn təklifi dəyərləndirə bilməyib.
Yerli çempionatda mübarizə aparan “Yohor Darul Tazim” ona dəvət göndərib.
Ötən mövsüm Asiya Çempionlar Liqasında yarışmış “Yohor Darul Tazim” onunla 1+1 illik bağlamağı planlaşdırırdı.
Tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gəlməyib. Haqverdi “Yohor Darul Tazim”dən 190 min dollara yaxın illik ödəmə tələb eləyib ki, bu da danışıqları pozub.
Son 2,5 ildə ”Neftçi”nin formasını geyinmiş 32 yaşlı arxa xətt oyunçusu adıçəkilən ölkəyə yollansaydı, tanış sima ilə komanda yoldaşı olacaqdı.
”Neftçi”də və yığmada çiyin-çiyinə çıxış etdiyi Eddi İsrafilov 1 ildən artıqdır ki, “Yohor Darul Tazim”dədir.
İdman.biz