"Oyunun çətin keçəcəyini bilirdik. Güclü komandaya qarşı oynadıq, amma müəyyən dəyişikliklər etməyə çalışsaq da, istədiyimiz qədər effektiv ola bilmədik".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev evdə Kipr "Omoniya"sına 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Teleqraf-a açıqlamasında deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan klubları belə səviyyəli rəqiblərlə çox qarşılaşmayıb: "Daha öncə mətbuat konfransında dediyim kimi, bu dəfəki "Omoniya" əvvəlkilərdən xeyli fərqlidir – yeni baş məşqçi, fərqli fəlsəfə və daha keyfiyyətli futbolçularla daha təhlükəli komandaya çevriliblər. Bizim komandada potensial var, amma hələ tam adaptasiya prosesi bitməyib. Daha yaxşı kollektiv qurmaq üçün bir az vaxta ehtiyacımız var. Yunanıstan səfərində son 45 dəqiqəni 10 nəfərlə oynamamız və yol yorğunluğu öz təsirini göstərdi. Psixoloji olaraq isə hər gün daha yaxşı olmağa çalışırıq".
Qarayev qırmızı vərəqə cəzalısı İqor Ribeyronun yoxluğunun da hiss olunduğunu diqqətə çatdırıb. Lakin o, bəhanə axtarmadıqlarını söyləyib: "Təcrübəsizlik, diqqətsizlik və yorğunluq kimi səbəblər üzərində dayanmağa ehtiyac yoxdur. Əsas odur ki, növbəti oyunlara tam peşəkarlıqla yanaşaq".
33 yaşlı müdafiəçi azarkeşlərə də mesaj göndərərək, ruhdan düşməmələrini istəyib: "Araz-Naxçıvan" yeni hədəflərlə yola çıxıb və biz də Azərbaycan futbolunu layiqincə təmsil etmək üçün əlimizdən gələni edirik. İstəyimiz həm Naxçıvan azarkeşlərini, həm də bütün ölkəni sevindirməkdir”.
İdman.biz