Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçiləri "Sabah", “Araz-Naxçıvan” və “Zirə” də növbəti mərhələyə çıxmaq uğrunda mübarizəni davam etdirirlər.
“Sabah” evdə Moldova “Petrokub”unu qəbul edəcək - oyun saat 20:00-da başlayacaq. Səfərdə 2:0 hesablı qələbə qazanan Azərbaycan kubokunun qalibi uğurla yoluna davam edəcəyi halda Avropa Liqası 2-ci təsnifat mərhələsindəki “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) duelində uduzan tərəfi ilə qarşılaşacaq. Bolqarıstandakı ilk qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0.
Klublarımızdan ikisi səfərdə çıxış edəcək. Avrokubokların debütantı “Araz-Naxçıvan” Yunanıstanda “Aris”lə bir daha qüvvəsini sınayacaq. Qarşılaşma Bakı vaxtilə saat 22:15-də start götürəcək. İlk oyunda 2:1 hesabı ilə qələbə qazanan Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsində “Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşa bilər. Kiprlilər evdə ilk oyunda 1:0 hesablı qələbəyə seviniblər.
“Zirə” isə Xorvatiyada “Hayduk”un qonağı olacaq. Split şəhərində keçiriləcək oyun Bakı vaxtilə saat 23:00-da start götürəcək. Rəqiblərin Bakıdakı dueli heç-heçə başa çatıb - 1:1. Növbəti mərhələyə çıxacaq komanda “Atletic Club d'Escaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunda albanlar səfərdə 2:1 hesabı ilə qalib gəliblər.
İdman.biz