Futbol üzrə Azərbaycan çempionatının 2-ci Liqasında çıxış edəcək "Xankəndi" ev oyunlarını adını daşıdığı şəhərdə keçirmək istəyir.
İdman.biz xəbər verir ki, klub bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət edib.
"Xankəndi"nin müraciətini diqqətinizə çatdırırıq: "Qısa müddət ərzində geniş azarkeş auditoriyasının rəğbətini qazanan və ölkə mediasının diqqət mərkəzində olan “Xankəndi” Futbol Klubu yeni mövsümdə ev oyunlarını Xankəndi şəhər stadionunda keçirmək məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbova rəsmi müraciət ünvanlamışdır.
Klubumuz ilk mövsümündə Region Liqasının qalibi olaraq İkinci Liqada iştirak hüququ qazanmış və indiyədək rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul etmişdir. Lakin qarşıdan gələn mövsümdən etibarən “Xankəndi” FK-nın ev oyunlarının doğma Xankəndi şəhərində, azarkeşlərimizin önündə keçirilməsi əsas hədəflərimizdəndir.
Onu da xüsusi vurğulamaq istərdik ki, artıq Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin müəllim və tələbə heyəti tərəfindən komandamızın Fan Klubu təsis olunmuşdur. Onlar doğma komandalarını bu şəhərdə görmək arzusunu böyük coşqu və istəklə ifadə edirlər.
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin ölkə idmanına göstərdiyi xüsusi diqqət və azad olunmuş ərazilərdə idmanın, xüsusilə futbolun inkişafı istiqamətində atdığı mühüm addımlar bizdə dərin inam yaradır ki, yaxın gələcəkdə klubumuz ev oyunlarını doğma şəhərimiz – Xankəndidə keçirmək imkanı əldə edəcək.
Bu istiqamətdə atılan hər bir addım, təkcə “Xankəndi” FK üçün deyil, bütövlükdə bölgənin sosial və idman həyatının canlanması baxımından da mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, 15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Stadionun yenidənqurulmasının bu ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.
İdman.biz