“Zirə”nin qapıçısı: "Xorvatiyada 30 min azarkeş bizə təsir etməyəcək" - MÜSAHİBƏ

Müsahibə
24 İyul 2025 09:29
79
“Zirə”nin qapıçısı: "Xorvatiyada 30 min azarkeş bizə təsir etməyəcək" - MÜSAHİBƏ

“Zirə”nin portuqaliyalı qolkiperi Tyaqo Silvanın Teleqraf-a müsahibəsi

- “Hayduk”la görüşdə komandanızın nəticəsindən razı qaldınız?

- Təbii ki, məqsədlərimiz bəllidir. İlk oyunumuzu evdə keçirdiyimizə görə, Xorvatiyaya sərfəli nəticə ilə yollanmaq istəyirdik. Ən azından bir-iki top fərqi ilə qalib gəlməklə, bunu etməyi düşünürdük. Bu, mümkün olmasa da, performansımızla göstərdik ki, biz Avropada ikinci dərəcəliı adlı-sanlı komandalara qarşı açıq-aşkar mübarizə apara bilərik. Hazırki vəziyyətdə ümid cavab görüşünə qallb. Yaxşı köklənib Xorvatiyadakı qarşılaşmaya uğurlu nəticə üçün çıxmalıyıq.

- ⁠Uzun müddət sonra rəsmi oyuna çıxdınız. Özünüzü necə hiss edirdiniz?

- ⁠İstənilən oyunçunun 4-5 ay futboldan kənar qaldığı halda yenidən meydançaya dönmək üçün müəyyən inama ehtiyacı olur. Açığı, psixoloji cəhətdən çətin idi. Sadəcə, məşqlərlə özümə olan inamı qaytardım. Baş məşqçimiz Rəşad Sadıqova xüsusi təşəkkür edirəm ki, bu inamı mənə verdi. Bu cür rəqibə qarşı belə formada mübarizə apardıq. Uzun müddət çıxış etmədiyimi və ilk oyunumun “Hayduk” kimi komandaya qarşı olduğunu nəzərə alsaq, öz performansımdan məmnunam.

- ⁠”Zirə”ni yay fasiləsində tərk edəcəyiniz gözlənilirdi. Sizi burada saxlayan əsas məqam nə oldu?

- ⁠Təbii ki, müəyyən problemlər ola bilər. Artıq bunlar keçmişdə qaldı. Keçmişi yada salmaq istəməzdim. Hazırkı vəziyyətdə “Zirə” ilə müqaviləm var. Hamımız peşəkarıq. Müqaviləmin davam etdiyini də nəzərə alsaq, bu komanda üçün əlimdən gələnin ən yaxşısını etməliyəm.

- ⁠Yenə Xorvatiya klubu ilə qarşılaşırsınız, azarkeşlər penaltilər seiyasında Tyaqodan ötənilki performansı gözləsinmi?

- ⁠Təbii ki, oyun ötənilki kimi, əlavə vaxta getsə, penaltilərdən faydalanmağa çalışacağıq. Mən də əlimdən gələni əsirgəməməyə çalışacağam.

- ⁠8-ci km stadionu sizə yad arenadır. Burada özünüzü diskomfort hiss etdinizmi?

- Xeyr, heç də yad olduğunu düşünmürəm. Zirə İdman Kompleksi avrokubok oyunlarını keçirmək üçün əlverişli deyil. Ona görə “Neftçi” rəhbərliyinə də təşəkkür edirəm, bizə bu gün burada çıxış etməyə şərait yaratdı. “Zirə” və ya “Neftçi” fərq etmir, Azərbaycanda, yəni evdə çıxış edirdik. Artıq səfərdə rəqibi 30 mindən çox azarkeş dəstəkləyəcək. Bu gün bu stadiona gəlib bizi dəstəkləyən azərbaycanlı azarkeşlərin hər birinə təşəkkür edirəm.

- ⁠Cavab görüşündə şansları necə dəyərləndirirsiniz?

- ⁠İlk oyun heç-heçə ilə nəticələndi. Biz bu gün qələbə də qazana bilərdik. Hesab həm rəqibin, həm də bizim xeyrimizə bitə bilərdi. Düşünürəm ki, azarkeş amili növbəti oyunumuza elə də çox təsir etməyəcək. Bu gün burada görüşü heç-heçə ilə başa çatdırdlqsa, təbii ki səfərdə də qələbə qazanmağa çalışacağıq. Azarkeş amilinin yüksək mənada təsiri olmayacaq.

İdman.biz