Azər Bağırov: "Hər rəhbər verdiyi qərara özü cavabdehdir" - MÜSAHİBƏ

Müsahibə
14 İyul 2025 14:49
45
Azər Bağırov: "Hər rəhbər verdiyi qərara özü cavabdehdir" - MÜSAHİBƏ

"Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırovun Sport24.az-a müsahibəsi

- Gəncə təmsilçisindən ayrılmağınızdan iki aya yaxın vaxt keçib. "Soyuq başla" fikirləşsək, səbəb kimi nələri göstərə bilərsiniz?

- Bunun səbəblərini "Kəpəz"in yeni və köhnə rəhbərliyindən soruşsanız, daha yaxşı olardı. Mənim tərəfimdən həmişə iş görmək üçün kompromis addımlar olub. Yəqin ki, onlar qərarları nə üçün verdiklərini daha yaxşı bilərlər.

- Mətbuatda klubun yeni rəhbərliyi haqqında yaxşı məlumatlar dərc olunmur. Artıq qısa zamanda İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşaviri Erkin İbrahimov postundan ayrılıb. Bu barədə nə deyə bilərsiniz?

- Onların işlərini düzgün gördüyünü və ya görmədiyini desəm, doğru olmaz. Məncə, onlar nəyi necə etmək lazım olduğunu daha yaxşı bilirlər. Attıqları addımlar onlara aid olan məsələlərdir. Düşünürəm ki, bu barədə danışmağım doğru olmaz. Hər bir rəhbər verdiyin qərarın arxasında özü durur, verdiyi qərarlara da özü cavabdehdir.

- "Kəpəz"in ötənmövsümkü heyəti demək olar ki, qalmayıb. Hazırda isə bəzi mövqelərə də oyunçu tapmaqda çətinlik çəkirlər. Sizcə, bunun səbəbi nədir?

- Həqiqətən maraqlı suallardır. Amma bu, sırf indiki baş məşqçiyə aiddir. Adil Şükürov və mən tam fərqli fikirləşə bilərik. Hər mütəxəssisin öz yanaşması və oyunçulardan istəyi var. Mənə elə gəlir ki, istədikləri oyunçuları tapa bilmirlər. Buna görə də komandanı komplektləşdirmək gecikir.

- Ötən mövsüm sizinlə sentyabrda müqavilə imzalandı...

- Mənim dönəmimdə elə idi ki, tanıdığımız bəzi futbolçuları gətirdik və tez bir zamanda situasiyadan çıxmalı idik. Bir sözlə, "Kəpəz"i pis vəziyyətdən çıxartmalı idik.

- "Kəpəz"dən ayrılandan sonra təklif almadınız?

- Bəzi klublardan təkliflər oldu. Amma istədiklərim deyildi. Ona görə heç müzakirə belə etmədik.

- İddialı klub deyildi, yoxsa başqa səbəb var idi?

- Mənim bu gün üçün öz baxış tərzim var. Sabah və ya növbəti günlərdə necə olacağını deyə bilmərəm. Bu gün üçün tam başqa pilləyə addım atmaq istəyirəm.

İdman.biz