"Neftçi"nin qadınlardan ibarət komandasının Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunu İsrail klubunun UEFA-ya müraciəti əsasında Albaniyanın paytaxtı Tiranada baş tutacaq".
İdman.biz xəbər verir ki, bunu "Report"a Bakı təmsilçisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
“Bildiyiniz kimi, qrupumuzda İsrail komandası da var. Onlar Türkiyədə oynamamaq üçün UEFA-ya yazılı şəkildə müraciət etdilər. Qurum da oyunların keçirilmə yerini Albaniyaya dəyişdirdi. Düşünürdük və gözləyirdik ki, oyunlar Azərbaycanda keçiriləcək. Lakin UEFA görüşlərin neytral meydanda təşkilinə qərar verdi. Halbuki Türkiyə qəbul etmək istəyirdi. Həmçinin düşünmürəm ki, biz bu oyunları təşkil edə bilməzdik. Azərbaycanda bundan da ağır turnirlər keçirilib. Bu, UEFA-nın qərarı idi”, - mütəxəssis bildirib.
Əsgərov Albaniyada şərtlərin komandalar üçün eyni olacağını vurğulayıb: “Oyunlar Azərbaycanda keçirilsəydi, düşünürəm ki, komandamıza faydası toxunardı. İndi isə bizimlə yanaşı, rəqiblər üçün də fərqli stadion olacaq. Nə “Fomget”, nə də “Kiryat” üstün tərəf sayılacaq. Azarkeşlər də hamı üçün neytral olacaq”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final oyunlarından ibarət olacaq. "Neftçi" "Fomget"i yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə üstün olan tərəf II təsnifat mərhələsinə vəsiqə qazanacaq. Final isə avqustun 3-də eyni şəhərdə baş tutacaq.
İdman.biz