"Liverpul"un mövsümöncəsi təlim-məşq toplanışı təxirə salınıb.
İdman.biz xəbər verir ki, klub rəhbərliyi İspaniyada baş verən avtomobil qəzasında komandanın hücumçusu Dioqo Jotanın faciəvi şəkildə həlak olması səbəbindən bu qərara gəlib.
Bildirilib ki, heyətin ilk qrupu təlim bazasına iyulun 4-də gəlməli idi. İyulun 8-də isə klubun tam heyətlə hazırlıqlarına startın verilməsi nəzərdə tutulubmuş.
Mersisaydlıların mövsümöncəsi hazırlığının nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumat verilməyib.
Qeyd edək ki, 28 yaşlı futbolçu "Liverpul"a 2020-ci ilin sentyabrında "Vulverhempton"dan keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 182 matçda iştirak edib, 65 qol vurub və 26 məhsuldar ötürmə edib. Mersisaydlıların tərkibində Jota İngiltərə çempionluğunu, İngiltərə Kubokunu və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Hücumçu Portuqaliya millisi ilə iki dəfə Millətlər Liqasının qalibi olub.
İdman.biz