Samir Əliyev: “Mahir Emrelinin yolu ilə gedə biləcək futbolçu görünmür” - MÜSAHİBƏ

Müsahibə
5 İyul 2025 14:39
43
Samir Əliyev: “Mahir Emrelinin yolu ilə gedə biləcək futbolçu görünmür” - MÜSAHİBƏ

U-21 millimizin sabiq baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” – “Linfild” cütünün qalibi ilə görüşəcək. Bu komandalardan hansının çempionumuza rəqib olmasını istərdiniz? “Qarabağ” bu mərhələni rahat şəkildə adlaya biləcək?

– İstər “Şelburn”, istərsə də “Linfild” olsun, “Qarabağ” üçün arzuolunmaz rəqiblərdir. Çünki fərqli oyun üslubları var. Daha çox güc futboluna üstünlük verirlər və standart vəziyyətlərdən maksimum yararlanmağa çalışırlar. Buna baxmayaraq, “Qarabağ” daha təcrübəli komandadır və illərlə avrokubokların qrup mərhələsində çıxış edir. Bu baxımdan, “Qarabağ” üçün fərq etməz, hansı ilə qarşılaşsa, mərhələ adlamaq şansı yüksəkdir.

– “Sabah” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye” (Sloveniya) ilə qarşılaşacaq. Paytaxt klubunun yeni baş məşqçinin rəhbərliyi altında uğurlu nəticə qazanmaq şansı nə qədərdir?

– Bildiyiniz kimi, “Çelye” keçən mövsüm avrokuboklarda uğurlu çıxışı ilə yadda qalmışdı. Konfrans Liqasında 1/4 finala qədər irəliləmiş, həmin mərhələdə “Fiorentina” səddini keçə bilməmişdi. “Sabah”dan fərqli olaraq, onların tanınmış ispaniyalı baş məşqçiləri Albert Riyera 2023-cü ildən komandaya rəhbərlik edir. “Sabah”da isə yeni təyin olunmuş litvalı mütəxəssis Valdas Dambrauskas ölkəsindən kənarda da özündən söz etdirməyi bacarıb. Keçən mövsüm avrokuboklarda Liqa mərhələsində çıxış edib. O, “Sabah”da qısa vaxt ərzində öz oyun üslubunu aşılamalıdır. Rəqib güclüdür, ancaq “Sabah” da yaxşı potensiala malikdir, heyətdə fərdi keyfiyyətləri yüksək olan oyunçular cəmləşib. Bu baxımdan, bizi maraqlı oyunlar gözləyir.

– UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la üz-üz gələcək “Zirə”dən gözləntiniz nədir?

– “Zirə”nin rəqibi Xorvatiyanın adlı-sanlı klublarındandır. Xorvatiya çempionatında 3-cü yeri tutub və çempion “Riyeka”dan cəmi 2 xal geri qalıb. Bu da rəqibin gücündən xəbər verir. Ancaq “Zirə” də keçən mövsüm avrokuboklarda uğurlu çıxışı ilə yadda qalmışdı və Xorvatiya təmsilçisi “Osiyek”i turnirdən kənarlaşdırmışdı. İnanıram ki, “Zirə” bu iki qarşılaşmada layiqli mübarizə apararaq mərhələ adlayan tərəf olacaq.

– “Araz-Naxçıvan” isə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan “Aris”i ilə qarşılaşacaq. Bu, Naxçıvan təmsilçisi üçün avrokuboklarda debüt olacaq…

– Naxçıvan təmsilçisinin komanda olaraq avrokubok təcrübəsi olmasa da, heyətində təcrübəli futbolçular cəmləşib. Üstəlik, bu yay edilən transferlərə baxdıqda, “Araz-Naxçıvan” avrokuboklarda mərhələ keçməyə iddialı görünür. Rəqib isə Yunanıstanın köklü klublarındandır və böyük azarkeş ordusuna malikdir. Azərbaycan klublarının bundan əvvəl avrokuboklarda yunan təmsilçilərini məğlub etdiklərini bir neçə dəfə görmüşük. Çətin olacaq, ancaq mümkünsüz deyil.

– Vaxtilə Ukrayna və Rusiyada legioner həyatı yaşamısınız. Mahir Emrelinin “Kayzerslautern”ə keçidi və legioner həyatı yaşayan digər azsaylı oyunçularımız haqda nə deyə bilərsiniz? Bu yay hansı azərbaycanlı futbolçuların ölkə xaricinə çıxacağını gözləyirsiniz?

– Potensialı yüksək olan və Avropaya çıxa biləcək futbolçularımızın sayı bu gün üçün çox azdır. “Qarabağ”ın heyətində olan yerli futbolçuların isə bu il komandadan ayrılacaqlarına inanmıram, çünki avrokuboklarda qrup mərhələsində oynamaq ehtimalları yüksəkdir. Digər klublarımızın heyətlərinə nəzər saldıqda isə Mahir Emrelinin yolu ilə gedə biləcək gənc və potensiallı futbolçu hələlik görünmür. Gedənlər ola bilər, ancaq bu, hansı liqaya və hansı komandaya keçəcəklərindən asılıdır.

İdman.biz