“Turan Tovuz”un yeni transferi: “Klubun hədəfləri məni özünə cəlb etdi”

Xəbərlər
29 İyun 2025 17:15
46
“Turan Tovuz”un yeni transferi: “Klubun hədəfləri məni özünə cəlb etdi”

"Burada olmaqdan məmnunam. Mənə bu şansı yaratdığı üçün “Turan Tovuz”a minnətdaram”.

İdman.biz xəbər verir ki, bunu Futbolxeber.az-a açıqlamasında “Turan Tovuz”un yeni transferi David Tavareş deyib.

O bildirib ki, Tovuz klubunun ambisiyası diqqətini çəkib: “Klub haqda ilkin təəssüratlarım əladır. Baş məşqçi və klubun direktoru ilə söhbətimiz oldu. “Turan Tovuz”un hədəfləri, ambisiyası məni özünə cəlb etdi”.

26 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevdən də söz açıb: “Baş məşqçimiz çox təcrübəlidir. Zəngin karyeraya malikdir və yaxşı nəticələr qazanıb. Onunla danışarkən xarakterini hiss etdim. Bu, çox vacib məqamdır”.

Tavareş bildirib ki, Azərbaycana gəlməmişdən əvvəl iki futbolçudan məsləhət alıb: “Azərbaycan haqqında müəyyən məlumatım var idi. Milli komandadakı yoldaşlarım Patrik və Leandro Andradelərdən ölkə, klub haqda daha ətraflı məlumatlar əldə etdim. Onlar Azərbaycan və futbolu barədə yalnız müsbət fikirlər səsləndirdilər”.

“Benfika”nın yetirməsi tovuzlu azarkeşlərdən də söz açıb: “Bilirəm ki, “Turan Tovuz” ev oyunlarına güclü azarkeş dəstəyinə malik olur. Bu, əladır. Çünki mənim üçün azarkeşsiz futbol futbol deyil. Şadam ki, komandamın ev oyunlarına anşlaq yaşanır. Hələ klub barədə məlumat toplayanda da mənə deyildi ki, “Turan Tovuz”un oyunlarında azarkeş çox olur və fanatlar sona qədər komandaya dəstək verirlər. İnanıram ki, qarşıdakı mövsümdə də belə olacaq. Mən də “Turan Tovuz” azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm”.

İdman.biz