Rumıniyada Milli Audiovizual Şura (CNA) qumar oyunlarının cəmiyyətə təsirini azaltmaq məqsədilə tanınmış şəxslərin bu sahədə reklamlarda çəkilmələrini qadağan edən rəsmi qərar çıxarıb.
İdman.biz xəbər verir ki, qadağa reklamın yayımlandığı platformadan asılı olmayaraq, televiziya, radio və internetdə tətbiq ediləcək.
Rumıniya audiovizual tənzimləmə milli kodeksində belə yazılıb: “Qumar oyunları ilə bağlı reklamların tanınmış ictimai, mədəni, elmi, idman xadimlərinin və ya onlayn mühitdə populyarlığı ilə seçilən şəxslərin iştirakı ilə yayımı qadağandır. Bu şəxslər bu oyunlara marağı artıra bilərlər”.
Yeni kodeks qüvvəyə mindikdən 90 gün sonra bu qayda məcburi olacaq.
Qumar sahəsində fəaliyyət göstərən bir sıra qurum və şirkətlər bu qərarın dəyişdirilməsi üçün cəhd göstərsələr də, həmçinin Rumıniya Futbol Federasiyası bu qadağadan azad edilməklə bağlı müraciət etsə də, bütün təkliflər yekdilliklə rədd edilib.
Qumar reklamlarında iştirak etmiş tanınmış rumıniyalı idmançılar arasında 2023-cü ildə "Neftçi"nin baş məşqçisi olmuş Adrian Mutu, keçmiş futbolçu Dan Petresku, keçmiş tennisçi İlie Nastase və digər məşhurlar da var idi.
İdman.biz