"Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçadonun Sportal.az-a müsahibəsi
- "Araz-Naxçıvan"la yeni müqavilə imzaladın. Azərbaycan Premyer Liqasındakı digər klublardan təklif almışdın?
- Hər şeydən əvvəl onu deyim ki, "Araz-Naxçıvan"da qaldığım üçün xoşbəxtəm. Zaur Axundov və Elmar Baxşıyevə böyük hörmətim var. Düzünü deyim, fərqli klublardan təkliflərim olsa da, "Araz-Naxçıvan"da qalmağa üstünlük verdim. Atdığım addıma görə də şadam.
- Komandanız Premyer Liqa klubları arasında transfer bazarında ən aktiv olanıdır. 2024/2025 mövsümkündən də güclü "Araz-Naxçıvan" görəcəyik?
- Təbii ki, hamımız yeni mövsümün "Araz-Naxçıvan" üçün möhtəşəm alınacağına inanırıq. Komandadan ayrılanlar klubun uğuru üçün öz töhfələrini veriblər. Yeni gələnlər isə artıq bilirlər ki, biz ötən mövsüm çox yaxşı işlər görmüşük. Yaxşı kollektivimiz var və işləməyə davam edirik.
- Komanda tarixində ilk dəfə Avropa arenasında iştirak edəcək. Konfrans Liqasında püşkatma qarşınıza "Aris"i çıxardı. Püşkatmanı "Araz-Naxçıvan" üçün necə dəyərləndirirsən?
- Bilirsiz, uğurlu nəticələr indiyə qədər görülən yaxşı işlərin, zəhmətin nəticəsidir. Yenə də biz yaxşı işləyəcəyik. Avrokuboklarda da çıxış edəcəyik. Hazırlıqlarımız davam edir.
- "Aris"lə maraqlanmısan? Səncə, növbəti mərhələyə vəsiqə qazanmaq şansınız neçə faizdir?
- Düzünü desəm, "Aris" haqda hələ ki heç nə bilmirik. Çünki biz əvvəlcə öz fiziki hazırlığımızı yaxşılaşdırmağa diqqət yetiririk. Mövsümün hazırlığını davam etdiririk. Ondan sonra isə Yunanıstan klubunu yaxından tanımaq üçün çox vaxtımız olacaq.
- Bəzən olur ki, komandalar ilk ilindəcə əsas mərhələyə qədər irəliləyir. Səncə, Konfrans Liqasında liqa mərhələsinə qədər irəliləyə bilər?
- Bediyim kimi, indi hazırlığa önəm veririk. Oyunlar yaxınlaşdıqca isə təbii ki, məşqçilər korpusumuz bizə lazımı tapşırıqları verəcək və matçlara hazırlaşacağıq. Ötən mövsüm komanda olaraq ortaya yaxşı iş qoymuşduq. Biz meydana çıxacağımız hər bir matçda ən yaxşısı üçün sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.
İdman.biz