“Araz-Naxçıvan” rəsmisi: "Təhlükəsizliklə bağlı Yunanıstan klubundan tələblərimiz olacaq"

Xəbərlər
21 İyun 2025 12:22
41
“Araz-Naxçıvan” rəsmisi: "Təhlükəsizliklə bağlı Yunanıstan klubundan tələblərimiz olacaq"

“Araz-Naxçıvan” klubunun rəhbərliyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris”in (Yunanıstan) nümayəndələri ilə təşkilatçılıqla bağlı danışıqlara başlayıb.

İdman.biz xəbər verir ki, bu barədə “Report”a Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov bildirib.

O, ilk növbədə tanışlıq xarakterli söhbətlər aparıldığını söyləyib: “Püşkatmadan dərhal sonra rəqib komandanın nümayəndələri ilə əlaqə saxladıq. Tanışlıq xarakterli, ilkin danışıqlar oldu. Tələblər barədə yazışmalar başlayıb. Təbii ki, təşkilatçılıqla bağlı elə də çətin proses yoxdur. Amma hər incə məqam tərəflər arasında razılaşdırılacaq. Hələ ki, məlumatlar dəqiqləşdirilir. Stadion, klubun şəraiti, yerləşdikləri şəhər, viza, nəqliyyat və logistika məsələləri, komandanın qarşılanması və yola salınması ilə bağlı ilkin söhbətlərimiz olub. Ən ciddi məsələlərdən biri təhlükəsizliklə bağlı olacaq. Tərəfimizdən tələblər qoyulacaq. Onlar da müəyyən şərtlər irəli sürə bilərlər”.

Klub rəsmisi “Aris”i tanıdıqlarını deyib: “Çox ciddi və kifayət qədər güclü rəqiblə üz-üzə gələcəyik. Komandanı tanıyırıq. Artıq bəzi məlumatlar əldə olunub. Məşqçilər korpusu da məlumatları təhlil edirlər. Bilirik ki, rəqib transferlər həyata keçirir. Kifayət qədər güclü heyətləri var. Bu, onların çempionatdakı nəticələrindən də bəllidir. Əsasən ispaniyalı legionerlərdən istifadə edirər. Səhv etmirəmsə, 8-ə yaxın əcnəbi oyunçuları var. Braziliyadan və digər ölkələrdən futbolçular cəlb ediblər. Kifayət qədər ciddi klublarla bağlılığı olan futbolçular var. Amma bunlar ilkin məlumatlardır. Məlumatlar tərəfimizdən araşdırılacaq”.

Yusubov heyəti gücləndirmək üçün işlərin davam etdiyini vurğulayıb: “Komanda avrokuboklarda ilk dəfə çıxış etsə də, futbolçuların bir çoxu təcrübəsiz deyil. Avroliqa təcrübəsi olanlar, həmçinin yeni transferlərimiz də var. Heyəti gücləndirmək baxımından işlər görülür. Təcrübəsizlik deməzdim, belə oyunlarda komandanın hazırlığı və futbolçuların səviyyəsi rol oynayır. Əsas üstünlüyümüz odur ki, ötənilki heyəti 70-80 % qoruya bilmişik. Yeni futbolçular əlavə etməklə heyəti daha da gücləndirəcəyik”.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını isə səfərdə keçirəcək.

İdman.biz