"Oyunçulardan razı qaldım".
İdman.biz xəbər verir ki, bunu Macarıstan yığması ilə yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
Portuqaliyalı mütəxəssis 2:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib: "Matça yaxşı başlamadıq. Ancaq sonradan hesabı bərabərləşdirə bildik. Daha sonra balanslı oyun getsə də, ikinci qolu buraxdıq. İkinci hissə bizim üçün daha çətin keçdi. Çünki rəqib komandanın heyətində keyfiyyətli futbolçular var. Oyunçular sona kimi inanırdılar ki, bərabərlik qolunu vura biləcəklər. Ancaq bəzi oyunçularda yorğunluq hiss olunurdu. Ona görə də mən futbolçuları yeniləyirdim. Təəssüf ki, son nöqtəni yenə qoya bilmədik. Futbolda bəxt də önəmlidir".
- Son dəqiqələrdə Rza Cəfərov qol vurmaq üçün irəli gəldi. Bunu siz tapşırmışdınız, yoxsa öz təşəbbüsü idi? - Əlbəttə ki, mən tapşırmışdım.
- Qarşıdan rəsmi oyunlar gəlir. Hansısa məqamlardan narahat deyilsiniz? - Bu haqda yalnız futbolçularımla danışıram. Son təlim-məşq toplanışında nələr əksik idisə, bu dəfə onların üzərində işlədik. Fikrimcə, pis də alınmadı. Əlbəttə ki, çatışmayan cəhətlərimiz də mövcuddur. Bunu oyunçularıma bildirirəm ki, onların üzərlərində işləməliyik.
- Azərbaycanda kişilərin təqaüd yaşı 65-dir. Bəs Portuqaliyada bu yaş neçədir?
- Bu suala cavab verməyəcəm. Bunun futbolla nə əlaqəsi var?
- Rəqib komandanın baş məşqçisi bildirdi ki, qol epizodunda əllə müdaxilə vardı. Siz bu haqda nə deyə bilərsiniz? - Bu, rəqib komandanın baş məşqçisinin dediyi bir fikirdir. Məncə, VAR olsa da, qol sayılacaqdı. Top özü əli tapmışdı.
- Azərbaycan millisi 10 oyundur ki, qələbə qazana bilmir. Siz isə, hər dəfə futbolçulardan razı qaldığınızı deyirsiniz. Bəlkə narazı qaldığınız məqamları da media önündə deyəsiniz ki, onlar dərs çıxarsınlar. - Mən heç də həmişə belə deməmişəm. Bu təlim-məşq toplanışında daha yaxşı çıxış etdiklərini dedim. Bunu heç vaxt etməmişəm və etməyəcəm. Bu haqda yalnız futbolçularla danışa bilərəm, mətbuat önündə yox.
- Hər oyunda fərqli start heyətlər görürük. Bu oyunlardan sonra start heyətlə bağlı yekun qərar vermisiniz?
- Uzun yoldan gəlmişik. Bəzi oyunçuların dincəlməyə ehtiyacı var. Oyunçular da insandır. Rəqib komandanın da ilk 11-liyinə baxsaq, fərqli futbolçuları görə bilərik.
- Emin Mahmudovu dayaq yarımmüdafiəçisi mövqeyində oynadırsınız. Sizcə, belə etməklə onu yaradıcı potensialından məhrum etmirsiniz?
- Həmin mövqedə dünyanın ən yaxşı oyunçularından biri Andrea Pirlodur. Emin bu gün mükəmməl oyun göstərdi. Bu mövqedə daha yaxşı çıxış etdiyini düşünürəm.
- Cəlal Hüseynov miks-zonada bildirdi ki, baş məşqçinin əsas tapşırığı qol buraxmamaq idi. Bu yanaşma nə dərəcədə doğrudur? Heç-heçələrlə hara qədər gedə bilərik?
- Mən belə şey deməmişəm. Əgər belə deyirsə, yalandır. Mən azərbaycanca danışa bilməsəm də, Rəşad Əyyubov yaxşı danışır. O da təsdiqləyə bilər ki, belə söhbət olmayıb.
Qeyd edək ki, 3 gün əvvəl səfərdə Latviya ilə 0:0 hesabı ilə heç-heçə oynayan millimiz bu dəfə öz meydanında Macarıstana uduzub - 1:2
Aytac Sahəd
İdman.biz