“Komanda sona kimi mübarizə aparır”.
Bunu İdman.biz-ə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.
O, komandanın son yoldaşlıq oyunlarındakı çıxışını dəyərləndirib. Təcrübəli mütəxəssis bildirib ki, yığma xələfi Ayxan Abbasovun rəhbərliyi altında özünü yaxşı tərəfdən göstərməyi bacarır: “U-21-lə bağlı mənə çox suallar ünvanlanır. Sadəcə onu deyə bilərəm ki, komandanın Ayxan Abbasov kimi yeni baş məşqçisi var. Hansı ki, öz işi ilə Premyer Liqa klublarında sözünü demiş mütəxəssisdir. Ayxanın yetəri qədər təcrübəsi var və yeni bir komanda formalaşdırır”.
Əliyevin sözlərinə görə, sabiq komandasının əsas heyətində ciddi dəyişikliklər var: “Milli iki təlim-məşq toplanışında olub və dörd oyun keçirib. Görünən odur ki, çox istəklidirlər. Monteneqro ilə matçda da sona kimi yaxşı mübarizə apardılar. Bir neçə qol epizodu da yaratdılar. Təəssüf ki, fərqlənə bilmədilər. Ümumi baxanda, komanda xoş təsir bağışlayır. Qarşıdan gələn seçmə mərhələdə yığmaya uğurlar arzulayıram”.
Qeyd edək ki, U-21 son toplanış çərçivəsində ilk yoxlama görüşünü səfərdə Belarus yığmasına (1:3) qarşı keçirib. İki gün öncə isə Sumqayıtda gerçəkləşən Azərbaycan - Monteneqro oyunu isə qolsuz heç-heçə ilə başa çatıb.
Aytac Sahəd
İdman.biz