"Paolo Nikolato ikinci ildir ki, Latviyanı çalışdırır. Mən onun iş üslubunu bəyənirəm. Amma onun işinin nəticəsi dünya çempionatının seçmə mərhələsinin yekununda bilinəcək. Ötən il yeni məşqçidi deyə nəticə istənmirdi, amma bu il fərqli situasiyadı".
İdman.biz xəbər verir ki, bunu Latviya futbolunun canlı əfsanəsi, bir zaman "Bakı" klubunda da çıxış etmiş Maris Verpakovskis bu gün milli komandamızla keçiriləcək yoldaşlıq görüşü barədə Sports.az-a açıqlamasında deyib.
Latviya millisinin tarixində ən çox qol vurmuş futbolçu Pribaltika təmsilçisinin meydana eksperimental heyətlə çıxacağını bildirib: "İtaliyalı mütəxəssis Azərbaycanla oyuna millidə indiyəcən oynamayan bəzi futbolçuları çağırıb. Bu gün Latviya millisində bir neçə debüt olacaq. Heyətimiz bir qədər eksperimentaldı. Çünki, 3 gün sonra dünya çempionatının seçmə mərhələsi çərçivəsində Albaniya ilə çox vacib oyunumuz var. Millidəki yeni futbolçulara baxmaq maraqlı olacaq.
Prinsipcə, baş məşqçimiz çempionatda yaxşı oynayanları dəvət edib. Görək milli səviyyəsində necə görünəcəklər.
Azərbaycan millisinə gəlincə, komandanızın əsasını illərdir avrokuboklarda uğurlu çıxış edən "Qarabağ"ın futbolçuları təşkil edir. Odur ki, Latviyaya asan olmayacaq".
İdman.biz