Nərgiz Əliyeva: “Qaçmaq mənə çətin gəldiyi üçün qapıçı olmağı seçdim” - MÜSAHİBƏ

Müsahibə
30 May 2025 10:06
51
Nərgiz Əliyeva: “Qaçmaq mənə çətin gəldiyi üçün qapıçı olmağı seçdim” - MÜSAHİBƏ

Qadınlardan ibarət Azərbaycan millisinin cari Millətlər Liqasında uğurlu nəticələr qazanmasında müstəsna xidməti olanlardan biri də qapıçı Nərgiz Əliyeva olub.

İdman.biz xəbər verir ki, 23 yaşlı qolkiper həm Monteneqro ilə hər iki (0:0, 1:1) matçda, həm də Litva ilə (2:0) səfər görüşündə yüksək performansla diqqət çəkib.

Xüsusən də, Monteneqro yığmasına qarşı Nikşiçdə keçirilən qarşılaşmanın son dəqiqələrindəki qurtarışları ilə millimizin vacib 1 xal qazanmasında böyük rol oynayıb.

Türkiyənin “Fatih Vətən” klubunda legioner həyatı yaşayan Nərgiz Əliyevanın üzərinə Litva ilə son matçda da böyük iş düşəcək. Qapıçı AFFA-nın mətbuat xidmətinə müsahibəsində bunun öhdəsindən gələcəyinə inandığını bildirib.

- Millətlər Liqasının qrup mərhələsində son oyununuzu Litvaya qarşı keçirəcəksiniz. Bu matçdan nə gözləmək olar?

- Litva ilə matçda yalnız qələbə qazanmaq barədə düşünürük. Komanda olaraq sadəcə buna köklənmişik. Tək düşüncəmiz 3 xal qazanmaqdır.

- Həlledici görüş olduğundan, maraq böyükdür. Bu amil komandaya əlavə motivasiya verir, yoxsa, psixoloji cəhətdən mənfi təsir göstərir?

- Bəli, qrupda sonuncu oyunumuzu keçirəcəyik. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu matça da yüksək motivasiya ilə hazırlaşırıq. Fikrimcə, psixoloji cəhətdən heç bir mənfi təsiri yoxdur.

- Son oyunlar öncəsi Monteneqro cüzi üstünlüyə malikdir. Qrupda əvvəlki matçlara nəzər yetirdikdə, hansı nəticə sizi daha çox məyus etdi?

- Bizi məyus edən nəticə Monteneqro ilə səfər matçı oldu. Qələbəyə çox yaxın idik, lakin son dəqiqələrdə qol buraxdıq. Bu da 2 xal itirməyimizə səbəb oldu.

- Həmin görüşdə qələbəni son anda əldən versəniz də, ardıcıl qurtarışlarla hər kəsin rəğbətini qazandınız. Bu özünəinam haradan qaynaqlanırdı?

- Düşünürəm ki, işimi sevərək gördüyüm və çox istəkli olduğum üçün özünəinamlı idim. Bütün oyunlarda bu cür çıxış edərək, komandama xeyir vermək istəyirəm.

- Litva ilə matçda çox qol vurmaqla yanaşı, qol buraxmamaq da önəmli olacaq. Özünüzü buna hazır sayırsınız?

- Əlbəttə ki, qol buraxmamaq vacibdir. Amma bu, futboldur, bəzən qol vurursan, bəzən buraxırsan. O ki qaldı mənə, özümü tam hazır hiss edirəm.

- Adətən futbola yeni gələn uşaqlar qol vurmaq arzusunda olurlar. Siz necə oldu ki, qapıçı mövqeyini seçdiniz?

- Qaçmaq mənə çətin gəldiyi üçün qapıçı olmağı seçdim (gülür). Amma indi qapıda dayanmağın daha çətin olduğunu deyə bilərəm. Çünki qolkiper böyük məsuliyyət daşıyır.

- Yəqin ki, dünya futbolunu izləyirsiniz. Uşaqlıq kumiriniz kimdir?

- Bəli, izləyirəm. Bir çoxları kimi, mənim də kumirim var. Bu, “Barselona” klubunun almaniyalı qapıçısı MarkAndre ter Ştegendir.

- Hazırda Türkiyədə legioner həyatı yaşayırsınız. Klub karyeranızla bağlı ən böyük hədəfiniz nədir?

- Konkret ad çəkməkdə çətinlik çəkirəm. Amma hədəfim ən yaxşı klublardan birində oynamaqdır.

- Bəs milli ilə bağlı ən böyük arzunuz nədir?

- Hər bir azərbaycanlı kimi, mənim də arzum milli formanı layiqincə geyinmək, uzun illər bu komandanın şərəfini qorumaq və yaxşı iz buraxmaqdır.

İdman.biz